Hamı gəlir bəyannaməsi verəcək - Paşinyan müxalifəti çıxılmaz duruma saldı

# 20:04
31 may 2022

“Ermənistanın bütün vətəndaşları öz gəlirlərini bəyan etməlidirlər”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bügunki iclasında deyib. APA TV yerli mediaya istinadən xəbər verir ki, bu qərar 2014-2023-cü illərin gəlirlərinə şamil olunacaq.

Sitat:

 “Bu qanunun həm də siyasi əhəmiyyəti olacaq. Hesab edirəm ki, iqtisadi hesablaşma həyatımızda hər gün daha çox yer tutacaq və bu da öz növbəsində ədalətli nəticələrə gətirib çıxaracaq”.

Erməni siyasi ekspertlər bildirirlər ki, Baş nazir Nikol Paşinyan gəlirlərin universal deklarasiyası sistemini tətbiq etməkdə siyasi qətiyyətini açıqlayıb. Qeyd olunub ki, hakimiyyət müxalifət liderlərinin qaranlıq qalan qazanc mənbələrini öyrənmək və məhdudlaşdırmaq niyyətindədir. O da iddia olunur ki, 2 aydan çoxdur davam edən aksiyalarla bağlı Baş nazirin narahatlılığı artır və artan təzyiqin qarşısını almaq üçün müxalifətə qarşı əks-hücuma keçməyə hazırlaşır.

Xatırladaq ki, aksiyaları “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyaları təşkil edir.

Mitinq rəhbəri isə “Daşnaksütyun” partiyasının deputatı İşxan Sağatelyandır. “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri isə Ermənistanın eks-prezidenti Robert Koçaryandır. Bəzi Qərb siyasi ekspertləri isə iddia edirlər ki, hazırda müxaliflərin maliyyə dəstəkçiləri Kremldədir. Onlar hətta Köçəryanın hazırda Rusiya rəhbərliyinə aid şirkətlərin birinə rəhbərlik etdiyini iddia edirlər.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da bu iddialara cavab verib.

Sitat: “Robert Sedrakoviç Rusiyanın böyük dostudur. O Ermənistan üçün faydanın, habelə Rusiya ilə qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və dərinləşdirilməsinin qızğın tərəfdarıdır”. Sitatın sonu

Bəzi erməni siyasilər düşünürlər ki, Paşinyan bütün bunları nəzərə alıb. İndi Baş nazirin əsas fikri müxalifətin maliyyə mənbələrini üzə çıxarmaq, onların xarici qüvvələrin təsiri ilə mitinq keçirdiklərini sübut etməkdir. Bunu bacarsa, müxalifətlə bağlı formalaşan anti-demokrat tezisini gücləndirəcək, onları rahatlıqla xainlikdə, ya da satqınlıqda ittiham edə biləcək.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR