Havalar soyudu: Evlərə istilik daha tez verilə bilər?

# 17:44
25 sentyabr 2021

İsti yay günlərindən sonra artıq havanın temperaturu aşağı düşüb.

APA TV xəbər verir ki, havaların soyuması isə insanları bir sual ətrafında düşündürür. Hər il noyabrın 15-dən evlərə verilən istilik daha tez verilə bilərmi?

Sualımıza aydınlıq gətirmək üçün “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumdan yazılı şəkildə bildirdilər ki, noyabrın 1-də dağlıq və dağətəyi ərazilərdə, Bakıda isə 15 noyabr tarixindən istilik sistemlərinin işə salınması gözlənilir. Zərurət yaranarsa qazanxanaların vaxtından əvvəl işə salınmasına baxıla bilər.

”Azəriqaz” İstehsalat Birliyindən isə bildirdilər ki, qış rejiminə keçidin daha tez başlanılması yalnız Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı əsasında mümkündür: ”Qış rejiminə keçid, söhbət əgər Bakı şəhərindən gedirsə, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarından sonra həyata keçirilə bilər. O sərəncam verilir ki, hava şəraiti nəzərə alınaraq qış rejiminə noyabrın 15-dən tez başlamaqda olar”.

Azərişıq” ASC-dən isə bildirdilər ki, qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər artıq həyata keçirilib.

Yeri gəlmişkən qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibindəki Hidrometeorologiya departamenti yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanacağı haqqında məlumat yayıb. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi Aran rayonlarında normadan az, ayrı-ayrı şimal və qərb rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Semral Cavada

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR