Həkimlər bölgələrdən niyə qaçırlar? - Kənddə xəstələnir, Bakıda ölür

# 16:29
24 yanvar 2023

Bölgələrdə yeni xəstəxanalar tikilərək, müasir tibbi avadanlıqlarla təmin edilsə də, həkim çatışmazlığı ciddi problem kimi qalmaqdadır. Hətta bəzən ən sadə xəstəliyin belə müalicəsi üçün insanlar iri şəhərlərə, əsasən də Bakıya üz tutmağa məcbur qalırlar. Bəzi ekspertlər iddia edirlər ki, savadlı həkimlərin azlığına görə bədbəxt hadisələr nəticəsində bölgələrdə həyatını itirən insanların sayı paytaxt Bakı ilə müqayisədə qat-qat çoxdur.

Bəs həkim çatışmazlığının əsas səbəbi nədir? Həkimlər niyə bölgələrdən qaçırlar? Ümumiyyətlə, həkimlərin işə qəbulu zamanı bu amillər nəzərə alınırmı?

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Musa Quliyevin sözlərinə görə, bölgələrdə həkim çatışmazlığının əsas səbəbi həmin ərazilərdə paytaxta nəzərən həkimlərə daha az ehtiyac duyulmasıdır.

Deputatın fikrincə, şəhərdə və əyalətdə işləyən həkimlərin maaşları eyni olmamalıdır. Paytaxdan uzaqda, daha çətin şəraitdə çalışan həkimlərin maaşlarının yüksək olması lazımdır. O əlavə edib ki, kəndlərdə və rayonlarda iş stimullaşdırılmalı, tibb mütəxəssislərinin həyat şəraitləri yaxşılaşdırılmalı və onların mənzillə təmin olunması istiqamətində müxtəlif yollar tapılmalıdır.

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybullanın fikrincə, regionlar ilə Bakı arasındakı fərqi tamamilə azaltmaq üçün səhiyyə bir sistemə çevrilməlidir. Bundan sonra həkimlərin rayona paylanılmasını təmin etmək olar.

TƏBİB-dən isə bildirildi ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən verilən məcburi təyinatlarda regionlarda çatışmayan ixtisaslara üstünlük verilməsi məsələsi ilə bağlı müvafiq təkliflər hazırlanır. Ancaq hələlik bölgələrdə çalışan tibb işçiləri üçün hər hansı stimullaşdırıcı addım nəzərdə tutulmayıb. Ümumilikdə isə...

 

Bölgələrdə hazırda nə qədər vakant yerin olduğunu öyrənmək cəhdlərimiz isə boşa getdi. Qurumdan bildirildi ki, vakant yerlərin sayının açıqlanması onlara digər problemlər yarada bilər. Təəssüf ki, bütün dünyada normal şəkildə açıqlanan vakant yer sayının Azərbaycanda açıqlansa, hansı problemlər yaradacağını anlaya bilmədik. TƏBİB də izah etməkdən imtina etdi.

Mövzuya qayıdacağıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR