Horadiz-Ağbənd dəmir yolu xəttinin II mərhələsi üzrə işlər sürətlə davam edir

# 13:22
31 may 2022

Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 90 faizi tamamlanıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, ox  üzrə uzunluğu 110,4 kilometr olan Horadiz - Ağbənd dəmir yolunda tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 kilometr, ikinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 kilometr, üçüncü mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 kilometr təşkil edir.

 

Hazırda layihənin ikinci mərhələsi üzrə tikinti işləri aparılır. Horadiz stansiyasından çıxan işçi qatarlar Soltanlı və Qumlaq stansiyalarına qədər sərbəst hərəkət edə bilir və tikinti üçün zəruri olan materialın təminatı işini həyata keçirir.

 

Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

 

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR