Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunda vəziyyət necədir?

# 18:48
1 mart 2023

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir. Yolun ilk 77.5 km-lik hissəsi 6, qalan 46.1 km-lik hissəsi isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edir. Layihə üzrə işlərin ümumi yerinə yetirilməsi 73%-dir. Belə ki, 265 dairəvi borudan 202-i artıq tikilib, 32-də işlər davam edir. 41 düzbucaqlı borudan 26-sının inşası başa çatıb, 55 alt keçidin 44-ü istifadə verilməyə hazırdır. 27 körpünün isə 12-i tikilib, 12-də hazırda inşaat işləri aparılır. Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin tikintisi davam edir. Ortalama uzunluğu 1020 metr təşkil edən T1 tuneli və ortalama uzunluğu 1822 metr olan T2 tuneli üzrə artıq qazma işləri, həmçinin beton püskürtmə və kəmər beton işləri tam yekunlaşıb. Ortalama uzunluğu 3170 metr olan T3 tunelinin sol istiqaməti üzrə qazma işləri, həmçinin beton püskürtmə və kəmər beton işləri yekunlaşıb, sağ istiqaməti üzrə isə qeyd olunan işlər yekunlaşmaq üzrədir.

Layihə üzrə 123.6 km-lik yolun 70.2 km-lik hissəsində torpaq yatağı inşa olunub. Hazırda yatağın tikintisi yekunlaşmış hissə boyu yol əsası inşa edilir, asfaltlanma işləri görülür. Belə ki, ortalama 48 km-lik hissədə hamarlayıcı lay, 38 km-lik hissədə əsasın alt layı, 36 km-lik hissədə isə əsasın üst layı inşa edilib. Yolun 35 km-lik ərazisində isə müəyyən hissələr üzrə asfalt-beton örtüyünün alt və üst layı döşənib. Qeyd olunan işlər üzrə digər hissəllərdə tikinti işləri davam edir.“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin əsas hissəsinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun ümumi uzunluğu - 123,6 km, yolun texniki dərəcəsi - 1B, hərəkət hissəsinin eni - 14-21 m, hərəkət zolaqların sayı - 4-6, torpaq yatağının eni - 21,5 - 29,5 m, boruların sayı -  265 ədəd , düzbucaqlı borular - 41 ədəd , altkecidlər - 55 ədəd, körpülər - 27 ədəd, qovşaqlar - 7 ədəd, tunellər - 3 ədəd, istinad divarı - 1500 m, asfalt işləri - 950 000 m3, torpaq işləri - 57 252 436,00 m3, Yolun konstruksiyasına gəldikdə isə hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı - 23 sm, əsasın alt layı- 20 sm, əsasın üst layı  20 sm,yol geyiminin alt qatı - 16 sm,yol geyiminin üst qatı - 5 sm olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR