"İrəvan şəhəri” kitabının onlayn təqdimatı keçirilib

# 16:22
23 aprel 2021

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun elmi işçisi Nazim Mustafanın müəllifi olduğu “İrəvan şəhəri” adlı kitabın təqdimatına həsr olunmuş "Azərbaycanın Ermənistandakı tarixi varlığı" adlı vebinar keçirilib.

APA TV xəbər verir ki, mərkəzin şöbə müdiri Cavid Vəliyev çıxış edərək kitabda Ermənistanda Azərbaycanın tarixi varlığı və mədəniyyəti haqqında ətraflı məlumat verildiyini bildirib. Onun sözlərinə görə, kitab həm tarixi, həm də siyasi baxımdan çox əhəmiyyətli vəsaitdir. O, nəşrin erməni mənbələri əsasında yazıldığını qeyd edib.  

Daha sonra çıxış edən mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev bütün akademik işlərdə emosiyasız, faktlara əsaslanan yanaşmanın sərgilənməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İrəvan şəhərinin tarixi Azərbaycan üçün çox vacibdir və sözügedən kitab həm tarixi, həm də gələcək nəsillərin məlumatlanması baxımından önəmlidir.

Daha sonra kitabın müəllifi Nazim Mustafa təqdimatla çıxış edib. Onun sözlərinə görə, kitab əslində ittiham aktı kimi də qəbul oluna bilər. Belə ki, bu qədər tarixi və mədəni irsi olan bir xalqın irsini yox etmək özü bir cinayətdir. O daha sonra İrəvanda mövcud olmuş mədəniyyət abidələri, meydanlar, karvansaraylar, hamamlar, dəyirmanlar və  küçələr haqqında məlumat verib.

Müəllif bildirib ki, 1828-ci ildə İrəvanda azərbaycanlı əhalinin sayı bütün əhalinin 75,6%-ni təşkil edirdi, 1989-cu ildə isə bu rəqəm 0% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR