İƏT-in komissiya sədri Füzuli və Ağdamda olub – APA TV

# 23:18
3 sentyabr 2023

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Füzuli rayonunda Ombudsman Aparatının əməkdaşları ilə birgə faktaraşdırıcı missiya həyata keçirib.

 

Faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan azad edilmiş və raket hücumlarına məruz qalmış Azərbaycan ərazilərində dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.

 

Nümayəndə heyəti Füzuli şəhərində ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirib. Qaraxanbəyli məzarlıqları, Merdinli məscidi, eyni zamanda, şəhərin tarixi mərkəzində dağıntılara məruz qalmış social və mədəni obyektlərin yerində monitorinqi aparılıb.

 

İlk olaraq Qaraxanbəyli və Merdinli kəndlərində oldular. Orda məsciddə baş vermiş hadisələri öz gözləri ilə gördülər. Hətta qiblə tərəfdə ermənilər tərəfindən şeytanın şəkli çəkilməsi qəzəbləndirdi. Bütün islam aləminin təhqir olunması kimi qeyd olundu. Yekunda bu komissiyanın üzvləri tərəfində hesabat hazırlanacaq. Hesabatda bunların aşkar etdikləri bütün hüquq pozuntuları qeyd olunacaq. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinə müraciət olunacaq. Bu müraciətdə əsasən quruculuq işləri, minadan təmizlənmə işlərinə köməyin göstərilməsi ilə bağlıdır.

 

İki il əvvəl də faktaraşdırma misiyyası çərçivəsində səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Muhammad Laval Sulaiman burada gördüklərindən çox təsirləndiyini bildirib.

Biz Komissiyanın nümayəndə heyəti olaraq bura səfər etdik, iki il əvvəl də fakt araşdırma misiyyası çərçivəsində Komissyamızın bura səfəri olmuşdu. Bura səfərimizin məqsədi iki il əvvəl reallaşan səfərdən sonra keçən müddət baş verənləri öz gözlərimizlə görməkdir. Burada yeni tikilmiş məktəbi gördüm bizə bildirildi ki, qarşıdakı həftələrdə o fəaliyyətə başlayacaq, bu çox yaxşıdır. Həmçinin tikintisi tamamlanmış və ya tikilməkdə olan yaşayış binalarını gördük ki, insanlar bura geri dönüb yaşayırlar. Bu ciddi və yaxşı inkişafdır. Bizim burada baş çəkdiyimiz yerlərdən biri də məscid idi, onlar işğal dövründə bu məscidi dağıdıblar, burada heyvalar, donuzlar saxlayıblar. Siz bilirsiniz İslam adət-ənənlərinə görə bunlar yolverilməzdir, qəbuledilməzdir.

 

Qonaqlar, həmçinin Füzuli Hava Limanı, Füzuli şəhərindəki yeni yaşayış məhəlləsi və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə də olublar. İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Ali Açıkgül bildirib ki, 30 ildən sonra doğma yurdlarına dönən insanların sevinc səslərini eşitmək olduqca onlarda xoş təsürat oyadıb.

Biz bura ikinci dəfədir gəlirik. Daha əvvəl 2021-ci ildə gə­lmişdik. O zaman 30 illik işğal dövründə erməni işğalçıları tərəfindən, Azərbaycan torpağında yəni, Qarabağda beynəlxalq hüququn, insan haqlarının pozulduğunu müəyyən etmək və bunları hesabat vermək üçün gəlmişdik. 2021-ci ildə Ağdama gəlmişdim. Orada gördüklərim məni dəhşətə salmışdı. İndi Füzuli şəhərindəyik. Bu səfərimizdə 30 illik işğal müddətində ermənilərin Qarabağda törətdiklərinin dəhşətli mənzərələrinin şahidi oluram. Bu yerlərin bərpa olunması üçün Azərbaycana kömək lazımdır. İnanıram ki, bütün islam ölkələri dost əlini uzadaraq, ermənilərin 30 ildə dağıtdıqları kənd və şəhərləri yenidən qurub yaradacaqlar.

 

Nümayəndə heyəti Ermənistanın işğalı nəticəsində zərərçəkmiş Füzuli şəhərinin sakinləri ilə görüşüb, Birinci və İkinci Qarabağ müharibəsi dövründə mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətləri barədə məlumatlandırılıb. Daha sonra İƏT nümayəndə heyətinin Füzuliyə səfəri başa çatıb.

 

Bundan sonra, Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyası çərçivəsində Ağdama gediblər.

 

Nümayəndə heyəti tərəfindən Ağdamda Ermənistanın hərbi qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, dini, mədəni və tarixi abidələrə baxış keçirilib, Qiyaslı və Qarağacı məzarlıqlarının, Şəhidlər xiyabanının, Cümə məscidinin yerində monitorinqi aparılıb. Qonaqlar, həmçinin Ağdam şəhər mərkəzində yeni yaşayış məhəllələri, həyata keçirilən

tikinti-quruculuq işləri baradə məlumatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR