İki oğlunun başı kəsilən ana 30 ildir övladlarının qəbrini axtarır

# 16:54
9 fevral 2022

2021-ci ilin 16 noyabrında 8  erməni hərbçisi Kəlbəcər rayonu istiqamətində təxribat törətmək istəyərkən əsgərlərimiz tərəfindən saxlanıldılar. Humanizm dəyərlərini hər zaman üstün tutan Azərbaycan rəhbərliyi iki gün öncə həmin hərbi əsirləri qarşı tərəfə qaytardı. Qarşılığında isə Ermənistandan humanist addım atmasını tələb etdi. Ermənistan rəhbərliyi vəd etdi ki, Birinci Qarabağ müharibəsində öldürülmüş şəxslərin basdırıldığı kütləvi məzarlıqların yerlərini söyləyəcəklər.

 

Bu vəd yaxınlarının, doğmalarının meyitinin, qəbrinin həsrətində olan 3 mindən çox gözü yaşlı ailənin ümid işığı oldu.

 

Bu faciəni yaşayan minlərlə ailədən biri də hazırda Qobustan rayonunda məskunlaşmış Məmmədovlar ailəsidir. Narxanım ana 30 ildir ermənilərin başını kəsdiyi iki oğlunun, həyat yoldaşının qəbrinə qovuşacağı günü həsrətlə gözləyir: “Bundan artıq nə dərd olar, 11 yaşlı uşağıma, Əhməd Məmmədova ad günü hədiyyəsi edirik deyə əlindən avtomatla vurdular. Gözümün qabağında  uşağımın əli param parça oldu. Dəli oldum, havalandım. İsti çayniki də götürdülər üstündən tökdülər. Ağlamaqdan, sızlamaqdan məhv oldum. Başımıza nə faciələr gəldi. Girov götürüldük. Baş kəsir, saç yolurdular, qulaq kəsirdilər. Mən balalarımın içində al qanın içində qalmışdım. Üç igidim də gedib, torpağı, yeri bilinmir ki, gedəm təsəlli alam ondan. Heç olmasa sümüyünü göstərsinlər, harada dəfn olundu. Harada dəfn olunacaq ,bilmirsən ermənini. Ölməmiş heç olmasa təsəlli alaram, görərəm hardadılar”.

 

Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşının itkin düşdu. Onlardan 71-i uşaq, 267-i qadın, 326-ı ahıldır. Hələ də heç birindən xəbər-ətər yoxdur.

 

Mürvət Məmmədov deyir ki, gözləmədiyimiz halda evimizin içərisinə əl qumbarası atdılar: “Mən ayağımdan yaralandım, anam kürəyindən yaralandı. Qonşumuz Sara xala və 3 yaşında körpə uşaq dünyasını dəyişdilər. Sara xalanın meyitini  çıxartdılar bayıra, uşağın ayağından tutub  çölə tulladılar. Təsəvvür edin ki, qadın ölüb ağzı açıq qalıb, ağzındakı qızıl dişlərini avtomatın qundağı ilə vurub çıxartdılar.  Bunu qənimət bilib götürdülər. Bu mənim atamdır, bu qardaşlarımdır. Bunlar bütün günü postlarda olurdular. 2008-ci ilə qədər atamın və qardaşlarımın taleyi bizə naməlum idi. Elə bilirdik ki, onlar sağdırlar. Canlı şahidlərin danışıqlarından bizə məlum oldu ki , atam və qardaşlarımı ermənilər tərəfindən döyüşən zabitin məzarı üstə vəhşicəsinə başlarını kəsiblər. Bu günə kimi  onların yerini bilmirik. Ehtimal edirəm ki, prezidentimizin hansı isə bir siyasətinin nəticəsində bizim indiyə qədər itkin düsmüş, taleyi naməlum olan sakinlərimizin haqqında məlumatlar olacaqdır. Mənim atam, qardaşlarım düzdür dünyasını dəyişib. Onları geri qaytarmaq mümkün deyil. Amma heç olmasa  onların sümüklərini, nəşini tapıb gətirsələr ,heç olmasa ürəyimiz istəyəndə, müqəddəs günlərdə 3 dənə qərənfil alaq onların məzarının üstündə dua oxuyaq”.

 

Ermənistanın humanist məsələlərdə vədindən qaçdığının dəfələrlə şahidi olmuşuq. Təəssüf ki, bu dəfə də təbiətlərinə uyğun davranmağa, öhtəliklərindən yayınmağa çalışırlar. Bu barədə danışan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 4 fevralda Azərbaycan, Fransa, Avropa İttifaqı və Ermənistan liderləri arasında keçirilən görüşdə itkin düşmüş şəxslərin məsələsi qaldırılıb. Ermənistan görüşdə əməkdaşlıq vədi verib, ancaq sonradan heç bir vəd vermədiyini açıqlayıb. Nazir bildirib ki, bu, mənəviyyata, insanlığa sığmayan açıqlamadır, məyusluq, təəccüb və mənfi hisslər doğurur. Azərbaycan davamlı və israrla bu məsələnin üzərinə gedəcək. Dünya dövlətləri isə bu istiqamətdə Ermənistana təzyiqləri artırmalıdır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR