İlisu qoruğunda yanğının söndürülməsi prosesi davam edir

# 16:52
21 fevral 2022

İlisu Dövlət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın davam edir.

 

Bu barədə APA TV şimal-qərb bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İbrahim Bayramov məlumat verib.

 

Onun sözlərinə görə, ötən gün günorta saatlarından rayonun Qum kənd inzibati ərazisinin yaxınlığında İlisu Dövlət Təbiət Qoruğunun 6-cı dolayında yüksək dağlıq ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qax rayon Dövlət yanğından Mühafizə Hissəsinin müvafiq texnikası və 55 nəfər şəxsi heyəti cəlb edilib. Yanğın 5 hektardan yuxarı sahəni əhatə edir.

 

Yanğın baş verən ərazinin yüksək dağlıq, çətin keçilən relyef olması və havanın küləkli olması səbəbindən yanğının söndürülməsində çətinlik yaranıb. Yanğın baş verən ərazidə əsasən kol-kos, quru xəzəl, qurumuş ağaclar yanır. Hazırda şəxsi heyət tərəfindən əl əməyi ilə yanğının söndürülməsi prosesi davam edir.

 

Qeyd edək ki, yanğının söndürülməsinə İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlər və FHN-nin Zaqatala və Şəki rayonlarının Dövlət Yanğından Mühafizə hissələrinin canlı qüvvələri də cəlb edilib.

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR