İnsanı yuxudan oyadan ağrı - AYAQLARDA QICOLMANIN SƏBƏBİ

# 10:28
9 aprel 2022

Gecənin bir yarısı insanı yuxudan oyadan əzələ ağrısı və ya oturan zaman qəftələn ayaqda başlayan qıcolmalar son zamanlar həkimlərə müraciət edən vətəndaşların ən çox şikayətləndiyi məsələlərdən birinə çevrilib.
 

El arasında “damarların bir-birinin üzərinə çıxması” və ya “ayaqda sudurğa” kimi tanınan bu haldan bütün yaş kateqoriyasındakı insanlar şikayətlənir.

Damar Cərrahiyyəsi üzrə mütəxəssis Məhəmməd Kərimovun sözlərinə görə, belə hallar olan zaman insanlar bunu müvəqqəti bir ağrı kimi qiymətləndirir. Lakin qıcolmalar tez-tez baş verirsə, deməli hansısa xəstəlik buna səbəb olur: ”Bunun əsl elmi adı “ayaqlarda narahatlıq” sindromudur. Səbəbləri isə çoxdur, hansı mənşəli olduğunu aydınlaşdırmaq lazımdır. Sinir, damar və ya metabolik sindiromlar, arteriyal, yaxud venoz damar xəstəlikləri səbəb ola bilər. Bu araşdırılmalı, səbəbi bilinməlidir. Onu da qeyd edim ki, ayaqlarda narahatlıq halları müşahidə olunduğu zaman həkimə müraciət olunsa, müalicə ilə tez zamanda aradan qaldırıla bilər”.


İnsanlar ayaqlarda və ya bədənin başqa bölgəsində bu narahatlıqla qarşılaşarsa, ilkin tibbi yardım kimi həmin nahiyəyə buz qoymaq, isti su torbasından istifadə edərək həmin nahiyədəki ağrını azaltmaq olar – deyə, həkim qeyd edib: ”Adətən belə hallar gecə vaxtı baş  verir. Bu zaman ayağa qalxmaq lazımdır. Belə hallar hərəkətsizlikdən yaranır. Hərəkət vaxtı bu ələmətlər azalır. Ona görə ayağa qalxaraq, gəzmək lazımdır. Həmin hissəni masaj etmək lazımdır. Bununla ağrını azaltmaq olur. Lakin son nəticədə həkimə müraciət olunmalıdır”.

Qeyd edək ki, bu tip ağrılar ayaqlarda ən çox görülsə də, boyun nahiyəsində və qollarda da tez-tez rast gəlinir. Gün ərzində sudan az istifadə etmək, yaxud oturaq formada çalışmaq belə ağrılara səbəb olan əsas amillərdəndir.

 

Semral Cavad,

Xəyal İskəndərov,
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR