İnternet niyə yoxa çıxıb? - Burda hamı əlində telefon, dalğa axtarır

# 17:36
10 avqust 2022

 

Astara rayonunun Siyəkü kəndinin Fətəlioba məhəlləsinin sakinləri internetin adını bilsələr də dadını bilmirlər. Sakinlərin APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, kənddə internet olsa da ondan lazımınca yararlana bilmirlər. Səbəb isə odur ki, məhəllənin hər 30 - 32 sakininə 1 vayfay və 1 meqabit (MB) internet düşür. 135 – ə yaxın ailənin yaşadığı məhəllədə 4 - 5 nəfərin evində stasionar telefon mövcuddur Mobil internetdən istifadə isə həm sakinlərin büdcəsinə sərf etmir, həm də sürət olmadığı üçün həmin internetlə istədikləri informasiyanı yükləyə bilmirlər. Problemin nə zaman həll olunacağını bilmək üçün aidiyyəti üzrə müraciət etdik. "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva sorğumuza cavab olaraq bildirdi ki, Astara rayonunun Siyəkü kəndinin Fətəlioba məhəlləsində telekommunikasiya xidmətlərinin təminatı ilə əlaqədar texniki imkanlar məhdud olduğundan hazırda vətəndaşların müraciətinin təmin edilməsi məqsədilə işlər aparılır. Belə ki, “Aztelekom” MMC tərəfindən ölkə üzrə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ərazidə müasir rabitə xidmətlərinin təminatı üçün texniki quraşdırma işləri mərhələli şəkildə aparılmaqdadır. 2024-cü il ərzində yeni stansiya avadanlıqlarının quraşdırılması, xətt şəbəkəsinin genişləndirilməsi və genişzolaqlı internet xidmətinin göstərilməsi nəzərdə tutulur. - deyə o bildirib. Verilən açıqlamadan görünür ki, Fətəlioba sakinləri hələ iki il də səbir etməli olacaq. Əziz sakinlər sizə acizanə məsləhətimiz odur ki, 2024-cü ilədək hansı əsrdə yaşadığınızı unudasınız.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR