İrandan Qarabağa nə daşınır?

# 22:30
13 avqust 2021

Uzun müddətdir İrandan qaçaqmalçılıq yolu ilə Qarabağa, ermənilər yaşayan ərazilərə yük avtomobilləri ilə şübhəli məhsulların daşınması davam edir.

 

APA TV xəbər verir ki, bu maşınları isə Laçın dəhlizində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları əraziyə buraxır. Ölkə başçısının çıxışlarında dəfələrlə vurğulanıb ki, Azərbaycan peyk vasitəsilə həm Laçın dəhlizinə daxil olan və ölkəni tərk edən avtomobilləri, eləcə də hərbi texnikaları aydın görür.

 

Siyasi şərhçi Tural İsmayılov deyir ki, digər xoşagəlməz məqam isə İranın Ermənistandakı səfirinin Azərbaycan Ermənistan sərhədinə gəlməyidir: ”İrandan Qarabağa qanunsuz maşınların getməsi ilə bağlı, dəfələrlə mediada səslənən faktlarla bağlı arzuolunan mövqeyin qoyulmamağı və nəticə olaraq Azərbaycan tərəfinin İrana sərt şəkildə nota verməsi, düşünürəm ki, təəssüfedici haldır”.


Ekspertin fikrincə Rusiya sülhməramlıları 10 noyabr bəyanatından xeyli müddət keçməsinə baxmayaraq, erməni əsgərlərinin Azərbaycan ərazisindən çıxarılması üçün heç bir addım atmayıb: ”Rusiya tərəfindən Qarabağa yeni erməni birləşməsi faktının ortaya çıxması və Rusiyanın adının hallanması, Azərbaycanın rəsmi şəkildə buna etiraz etməsi Rusiya rəhbərliyini düşündürməlidir”.

 

Qeyd edək ki, İran İslam Respublikasının Azərbaycandakı səfiri ötən gün Xarici İşlər Nazirliyinə dəvət olunaraq ona etiraz notası təqdim olunub. Notada son dövrlər İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq çatdırılıb.


Semral Cavad,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR