İSESCO-nun sabiq baş direktoru: “İşğal vaxtı Qarabağda törədilənlər dünya üçün bir utancvericidir”

# 21:25
5 noyabr 2021

“İşğal vaxtı Qarabağda törədilənlər həm Ermənistan, həm də dünya üçün bir utancvericidir. Çünki dünya baş verənlərə, törədilənlərə səssiz qaldı. BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Qarabağdan qeyd-şərtsiz çəkilməsi ilə bağlı qətnamələri icra olunmadı”.

 

Bunu APA TV-yə VIII Qlobal Bakı Forumunda iştirak edən İSESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tüveycri deyib.

 

O qeyd edib ki, dünya Ermənistanın Azərbaycana məxsus torpaqlarda mədəni irsi, dini və tarixi abidələri, hökumət binalarını, kəndləri və şəhərləri dağıtmasına sadəcə şahidlik edib:

 

 “Yüz minlərlə insan öz evindən, doğma torpağından didərgin salındı. Dünyanın bunu izləməsi utancvericidir. Nəhayət bu torpaqlar Allahın köməyi, cəsarətli Azərbaycan Ordusunun gücü və Azərbaycan Prezidentinin və xalqının qətiyyəti ilə işğaldan azad olundu. İndi isə dünya ictimaiyyəti hərəkətə keçməlidir. İSESCO, UNESCO kimi beynəlxalq institutlar və təşkilatlar Azərbaycanın Qarabağdakı quruculuğuna dəstək verməlidir. Çünki azad olunmuş ərazilərdəki mədəni irs, tarixi abidələr yalnız Azərbaycana yox, bəşəriyyətə məxsusdur. Ermənistan sivilizasiyaya məxsus mədəni irsi məhv edib. Bu abidələr UNESCO tərəfindən siyahıya alınmalıdır. Mən İSESCO-nun baş direktoru olarkən də bu məsələni təşviq etmişəm, Ermənistanın törətdiyi vəhşiliklərə son qoyması barədə çağırış etmişəm”.

 

Əbdüləziz Osman əl-Tüveycri Vətən Müharibəsindəki qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik də edib:

 

 “Ölkənizin Dağlıq Qarabağ bölgəsinin böyük hissəsinin işğaldan azad olunması, eləcə də müharibəyə son qoyan və 2020-ci il dekabrın əvvəlinə qədər işğal altında olan digər ərazilərin azad edilməsini nəzərdə tutan razılaşmanın imzalanması münasibətilə təbrik etməkdən şərəf hissi duyuram. Bu qələbə  Prezident İlham Əliyevin müdrik rəhbərliyi ordunuzun güclü iradəsi və qəhrəmanlıq ruhu sayəsində əldə olunub. Ölkənizin sadiq tərəfdarı və səmimi dostu olmağımla fəxr edirəm”.

 

“Biz bu qələbənin əldə olunmasına görə çox xoşbəxtik və regionda sülhün bərqərar olmasını səbirsizliklə gözləyirik”, - deyə o, bildirib

 

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR