İşsiz və sosial yardım ala bilməyən vətəndaş nə etsin?

# 12:05
8 sentyabr 2023

Bir işsiz vətəndaş düşünün. İş tapmaq ümidi ilə Dövlət Məşğulluq Agentliyinə müraciət edir. Ona təklif edilən işlər isə ya bacaracağı iş olmur, ya da yaşadığı ərazidən çox uzaqda yerləşir. Həmin işə görə təklif edilən maaş yolpulunu güclə qarşılayır. Vətəndaş əlacsız qalıb ünvanlı sosial yardım almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edir. Ordan isə bildirirlər ki, ailədən mütləq kiminsə rəsmi işi olmalıdır. Ailədə isə rəsmi işi olan kimsə yoxdur. Bu vəziyyətdə qalan vətəndaş nə etməlidir? Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, sosial yardım işsizliyə görə deyil, aztəminatlılığa görə təyin edilir. Ailənin əmək qabiliyyətli üzvü müvafiq qanunvericiliklə nəzərdə tutulmuş səbəblər istisna olmaqla, digər səbəblərdən işləmədikdə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina verilir. DSMF sualımızın bu qədərinə cavab verdi. Odur ki, əsas sualımızı başqa cür təkrarlayaq: Əmək qabiliyyəti olan, lakin heç bir işi olmayan vətəndaş nə etməlidir? İqtisadçı ekspert Allahverdi Aydının sözlərinə görə, ünvanlı sosial yardım ilə bağlı əsas problərdən biri qanunvericilikdə olan boşluqlar və məntiqsizliklərdir. Bu çatışmazlıq ünvanlı sosial yardımın təyinatında daha əhatəli qərar qəbul edilməsinə imkan vermir. Qeyd edək ki, hazırda 250 minə yaxın vətəndaş işsiz kimi qeydiyyatdadır. Ekspert bildirir ki, onların təxminən 40 mini Bakıda, böyük əksəriyyəti isə rayonlarda yaşayır. Ünvanlı sosial yardım üçün həmin işsiz şəxslər quruma müraciət edəndə, onların adına torpaq sahəsi olub olmamasına baxırlar. Ekspert bildirir ki, torpaq üzərindəki gəlir real gəlir üzərindən hesablanmalıdır. Bundan başqa, Dövlət Məşğulluq Agentliyi hər bir müraciətə fərdi yanaşmalıdır. Yəni, burada iş yerinin məsafəsi, əmək haqqı, ixtisas və s. kimi amillərə həssas yanaşmaq lazımdır. Məsələ ilə əlaqədar Dövlət Məşğulluq Agentliyindən bildirildi ki, ötən ildən etibarən qurum fəaliyyətini yeni konsepsiya əsasında davam etdirir. Belə ki, məşğulluq orqanlarında qeydiyyatda olan işsiz və işaxtaran şəxslər ilk növbədə məşğulluq imkanlarının qiymətləndirilməsi sorğusuna cəlb olunur. Sorğununu nəticəsinə uyğun olaraq vətəndaşlar üçün fərdi məşğulluq proqramı tərtib edilir. Sözügedən məsələ ilə bağlı mövcud qanunvericilikdəki boşluqları parlament səviyyəsində qaldıracağını deyən millət vəkili Vahid Əhmədov isə bildirdi ki, gerçəkləşdirilən bütün layihələrə baxmayaraq, ölkəmizdə işsizlik problem olaraq qalmaqdadır. Millət vəkili bildirir ki, hazırda sosial yardımın verilməsi üçün müraciətlərə onlayn formada baxılır. Amma buna baxmayaraq, yenə də əliəyrilik halları ilə rastlaşırıq. Vahid Əhmədov deyir ki, problemi kökündən həll etmək üçün ilk növbədə normal maaş verən iş yerlərinin sayı sürətlə artırılmalıdır. Belə olsa, əhalinin də ünvanlı sosial yardıma ehtiyacı qalmaz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR