Kamran Əliyev Rövşən Əkbərovun Milli Qəhrəman adından niyə məhrum edilmədiyini açıqladı

# 19:12
1 noyabr 2021

Baş prokuror Kamran Əliyev məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum edilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun Milli Qəhrəman adından məhrum edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

 

APA TV-nin məlumatına görə, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorlarının ilk iclasından sonra keçirilən mətbuat konfransında Baş prokuror bildirib ki, qanunun tələblərinə görə belə bir qərarın verilməsi mütləq deyil: "Qanuna görə zəruri olan hallarda prokuror bununla bağlı məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma bu işdə məqsədəmüvafiq hesab edilməyib. Yəni, cinayət təqibini həyata keçirən prokurorluq və məhkəmə tərəfindən belə müraciət edilməyib. Ona görə də bununla bağlı qərar qəbul olunmayıb".

 

Baş prokuror Prokurorluq orqanlarında islahatlar aparılması məsələsinə də diqqət çəkib: “Beynəlxalq Prokurorlar Assosiasiyasında korrupsiya ilə mübarizə və çirkli pulların yuyulmasına qarşı şəbəkə var. Gələcəkdə bu şəbəkənin fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq”.

 

Baş prokuror qeyd edib ki, prokurorluq orqanlarında zamana uyğun islahatlar həyata keçirilir: “Cinayət təqibindən kənar icraatlar idarəsini bu aspektdə qeyd etmək istəyirəm. Bunu başqa cür ictimai maraqların qorunması üzrə idarə kimi də qeyd etmək olar. Məsələn, cəmiyyətdə azyaşlıların hüquqlarının qorunmasına, ekoloji cinayətlər və s. mübarizə aparmağa ehtiyac var. Bu sahədə inzibati yolla mübarizə daha effektiv olur. Ahıl şəxslərin hüquqlarının müdafiəsi ilə də bu idarə məşğul olur”.

 

K. Əliyev nəzərə çatdırıb ki, dövlətə dəymiş ziyanın ödənilməsi ilə bağlı da xüsusi idarə yaradılıb.

 

Baş Prokuror həmçinin naməlum məzarların açılması nəticəsində 150-dən artıq şəxsin kimliyi müəyyənləşdiyini də diqqətə çatdırıb.

 

Kamran Əliyev bildirib ki, yalnız Başlıbel faciəsi nəticəsində həlak olanların meyitləri yalnız öz dövlət qurumlarımızın fəaliyyəti nəticəsində müəyyən edilib: "Öz qurumlarımız tərəfindən meyitlərin tapılması istiqamətində iş aparılır. Bu sahədə müxtəlif ölkələrin qurumları ilə də birgə fəaliyyət həyata keçiririk, Rusiya Prokurorluğu da Ermənistanla danışıqlar aparır. Bu istiqamətdə də işləri davam etdirməliyik".

 

Baş prokuror azad edilmiş ərazilərdə qazıntılar və müəyyən istintaq tədbirləri zamanı cəsədlər aşkar edildiyindən də danışıb.

 

 

Sevinc Vaqifqızı

Xəqani Hüseynov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR