Keçmiş məcburi köçkünlərin Bakıdakı evləri kimlərə veriləcək? - APA TV

# 17:51
19 sentyabr 2022

Keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı artıq başlayıb. Qarabağa dönən vətəndaşlar isə dövlətin onlara verdiyi evləri boşaldıb təhvil verirlər. Hazırda bu məsələ ilə bağlı əsas suallardan biri budur: Həmin evlərin aqibəti necə olacaq, yaxud necə olmalıdır?

Şəhərdə apardığımız sorğu zamanı sakinlər bildirdilər ki, boşalan evlərin şəhid ailələri və qazilərə verilməsi daha münasib olar.

Ağalı kəndinə köçən sakinlərin də bir qismi dövlətin onlara verdiyi müvəqqəti evlərdə yaşayıb. Həmin mənzillərin aqibətinin necə olacağı ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu göndərdik. Qurumun əməkdaşı Nazilə Məmmədova bildirdi ki, indiyə qədər 66 ailə, yəni 326 nəfər Ağalı kəndinə köçürülüb: “Bunlar əsasən Bakı, Abşeron, Sumqayıt ərazisində tikintisi yarımçıq qalmış bina, sanatoriya, piyaner düşərgəsi və bu kimi digər inzibatı binalarda müvəqqəti məskunlaşmış şəxslərdir. Abşeron rayonundakı yaşayış kompleksindən Ağalı kəndinə köçürülən 3 ailənin mənzilləri isə şəhid və qazi ailəsinə verilib”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyir ki, keçmiş məcburi köçkünlər üçün tikilən mənzilərin artıq bir hissəsinin satışı üçün layihə hazırlanıb. Geri qalan hissə isə müharibə əlilləri və şəhid ailələri üçün nəzərdə tutulacaq: “3000-ə yaxın mənzil, sosial xidmətlər agentliyi tərəfindən satışa çıxarılıb, artıq tenderin qalibi var. Hesab edirəm ki, həmin mənzillərin satışı həddindən artıq çox olduğu üçün onların nəğd satışı alınmadıqda, ipoteka fondu vasitəsilə və ya kirayə mənzil kimi satış üsullarına gedilə bilər. Lakin indiki vəziyyətdə belə bir layihə hələ ki yoxdur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbovun sözlərinə görə, məsələ ilə bağlı ölkə başçısının aprel ayında imzaladığı sərəncamın icrası demək olar ki, bitmək üzrədir: “Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında keçmiş məcburi köçkünlər üçün inşa edilmiş çoxmərtəbəli mənzillər də cənab prezidentin tapşırığı ilə həmin ərazilərdəki şəhid ailləri və müharibə əlilərinə təqdim edilir. Həmin yaşayış binasında istifadəsiz qalan mənzillər isə satışın həyata keçiriləcəyi təmin olunacaq yaxın zamanlarda dövlət başçısının 2022-ci il 11 aprel fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən, ƏƏSMN-i tərəfindən, mənzillərin satışının təsdiq edilməsi məqsədilə, elektron portalın hazırlanma prosesi artıq yekunlaşır. Çoxmənzilli binalarda istifadə olunmayan binaların satışı da bu portal üzərindən həyata keçiriləcək”.           
 
Fazil Talıbovun sözlərinə görə, satışdan əldə olunan vəsait ölkənin digər rayon və şəhərlərindəki şəhid ailələri və müharibə əlilləri üçün fərdi evlərin, mənzillərin tikintisində istifadə olunacaq.

Məcburi köçkünlərin ən çox məskunlaşdığı yerlərdən biri isə yataqxana və bağçalardır. Onların taleyinin necə olacağı barədə isə Elm və Təhsil Naziri Emin Əmrullayev APA TV-yə danışdı: “Bəzi yataqxanalar var ki, istismara yararlıdır, bəzisi isə yox. Həmin yerlər tam boşalandan sonra buna qərar verə bilərik. Bu gün rəsmi olaraq həmin yerlər müxtəlif təhsil müəssisələrinin balansındadır. Sözügedən yerlərdə insanlar tam çıxdıqdan sonra hökümətə bununla bağlı təkliflər hazırlanıb, göndəriləcək”

Əmlak üzrə ekspertlərin fikrincə, bu tipli mənzillərin və yataqxaların boşalacağı təqdirdə həm tələbələr kirayə mənzil axtarmalı olmayacaqlar, həm də mənzil bazarında kiçik də olsa, ucuzlaşmalar olacaq.

Semral Cavad,
Fariz Quliyev,
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR