Kəlbəcərdə hərbi qulluq necə gedir? - Əsgərlərimiz danışır

# 16:01
25 noyabr 2021

1993-cü il aprelin 2-də, 53 min insanın ev-eşiyini, mal-dövlətini qoyub öz doğma dədə-baba yurdunu tərk etmək məcburiyyətində qaldığı Kəlbəcər! Yurdunu tərk edənlərin Murov dağından, dəniz səviyyəsindən 3260 metr yüksəklikdən, Ömər aşırımından sonuncu dəfə dönüb baxdığı Kəlbəcər və onun başı qarlı dağları... həmin vaxtlar bu dağlarda kəlbəcərlilərin başına olmazın müsibətlər gəldi, 511 nəfər kəlbəcərli dinc sakin bu dağlarda, bu dərələrdə erməni terroristlər tərəfindən öldürüldü. 321 nəfər isə girov götürüldü. Onların bəzilərindən hələ də heç bir xəbər yoxdur. Təkcə kəlbəcərlilərə yox, bütün azərbaycanlılara təskinlik verən gün isə 2020-ci ilin noyabrın 25-dir. Artıq həmin gündən bu torpaqlar əzəli və əbədi sakinlərinin ixtiyarındadır. Bütün yüksəkliklərdə Azərbaycan bayrağı dalğalanır. Vətən torpağına, Azərbaycan  əsgəri xidmət aparır.

 

 

“44 günlük Vətən müharibəsinin sonuncu günü, 10 noyabrda, Ermənistan Silahlı Qüvvələri döyüş meydanında uduzduğunu gördü, üçtərəfli müqaviləyə imza atmaq məcburiyyətində qaldı. Bəli, Ermənistan dövləti həm döyüş meydanında, həm də masada uduzaraq meydanı tərk etdi. Həmin müqaviləyə əsasən, 25 noyabr 2020-ci ildə, Kəlbəcər rayonu boşaldıldı. Bütün yüksəkliklər, bütün təbii sərvətlər Azərbaycanın nəzarətinə keçdi. İndi biz Dövlət sərhədində xidmət aparan, torpaqların müdafiəsində dayanan, 24 saat, gecə-gündüz barmaq tətikdə torpaqları müdafiə edən əsgərlərlə görüşürük.”

 

Əsgər Kamil İbrahimxəlilov vətənin keşiyində durmağın sevincini qürurla bizimlə bölüşür: “Mən döyüş növbətçisi İbrahimxəlilov Xəlil millətimin namus və şərəfini vətənim və millətimin ərazi bütövlüyünü, cavabdehlik bölgəmi qorumaqla, gözüm cavabdehlik bölgəmdə, qulağım komandirimdə, vətənim və millətim uğrunda can verməyə sevə-sevə hazıram.”

 

“Uzun illərdir səngərdə gözləyən əsgər artıq 1 ildir ki, dövlət sərhədində vətənin keşiyində durur. Həmin əsgərlərlə bir yerdəyik.” 

 

Baş Leytenant Afiq İsmayıllı vətənin keşiyində durduğu üçün fəxr etdiyini deyir: “Hər bir azərbaycanlı hərbi qulluqçusu kimi biz də bu gün vətənin sərhədlərində xidmət aparmağımızla qürur duyuruq. Şəxsən mən bir zabit kimi fəxr edirəm ki, bu şərəf mənə qismət olub ki, hal-hazırda Azərbaycan Respublikasının dövlət sərhədinin keşiyində dayanmışam.” 

 

Kiçik çavuş Arzu İsgəndərli deyir ki, vətənin keşiyində dayanan bir əsgər kimi qürurluyam: “Fəxr edirəm ki, dövlət sərhədini mühafizə edirik. Bu döyüşlərdə iştirak etdiyimiz üçün fəxr edirik. Azərbaycan ordusu hər zaman olduğu kimi güclü olaraq yerində durdu. Dövlət sərhədini qorudu, qarşı tərəf atəşkəsi pozsa da biz onların cavabını artıqlaması ilə verdik. Layiqincə cavablarını vermişik deyə biz bu gün burdayıq. “

 

 

Əsgər Namiq Züləliyev də vətəni qürurla və sevinclə qoruyur: “Mən də öz ordumuzda xidmət apardığım üçün sevincliyəm, qürurluyam. Qarşı tərəf atəşkəsi pozsa belə biz hər zaman güclüyük. Düşmənin cavabını verməyə hər zaman hazırıq. Xidmətimiz hər zaman çox yaxşı keçir. Hər şeyimiz var. Yataqxanamız isti yeməklərimiz. Komandirlərimizin bizə göstərdiyi qayğı nəticəsində biz uğurlu xidmət edirik.”

 

“Kəlbəcər rayonunun dövlət sərhədindəyik. Azərbaycan hökuməti burda xidmət aparan əsgəri üçün hər cür şərait yaradıb. Onu da qeyd edim ki, bura dəniz səviyyəsindən 2474 metr  yüksəklikdədir. Amma gördüyünüz kimi hər cür şəraiti olan modul tipli hərbi hissə yaradılıb.

 

Bura isə hərbi hissənin yeməkxanasıdır. əsgərlərin yeməkləri burda hazırlanır, çayları burda qaynayır.  Görün çay qaynayır. Tamaşaçılara göstərmək istəyirik ki, əsgərlərimiz üçün hər cür şərait yaradılıb. Burda soba yanır, yeməkləri hazırdır.

 

Həqiqətən dağın başında bu yerdə əsgərlər üçün yaradılan şərait ürək açan vəziyyətdir.” 

 

Baş gizir Elvin Səmədovla başqa bir hərbi hissədə qarşılaşdıq. Lənkəran rayonundan olan zabitimiz 18 ildir ki, vətənə xidmət edir. Döyüşlərdə iştirak etdiyi, bu tarixi hadisənin şahidi və iştirakçısı olduğu üçün və ən əsası Azərbaycan torpaqlarını dövlət sərhədində qoruduğu üçün çox xoşbəxt və çox qürurlu hiss etdiyini deyir: “Döyüşlər bu istiqamətdə coğrafiyasına görə ağır getdi. Dağlıq ərazi çox idi. Ona görə də döyüşlər ağır getdi. Biz də əlimizdən gələni elədik. Yorulmadıq. Qətiyyətlə irəlilədik. Mən minaatan batareyasında xidmət edirdim. İdarəetmə tağım komandiri kimi. Bizim vəzifəmiz irəli gedən bölmələri dəstəkləmək idi. Biz də o vəzifəni layiqincə yerinə yetirirdik. Düşmənin bir çox canlı qüvvəsini, iri çaplı silahlarını, 82-120 mm mina atanlarını, hətta onlara gələn, etiyat döyüş sursatlarını məhv etdik.”

 

 

“Bura gələndə yolboyu bərpa işlərinin getdiyini də gördük. Yollar çəkilir, tunellər qazılır və elektrik naqilləri quraşdırılır. Bu da o deməkdir ki, Kəlbəcər artıq təhlükəsiz ərazidir. Bircə qalıb, kəlbəcərlilərin ən qısa müddətdə bu rayona gəlməyi, yerləşməyi və yaşamağı. Təbii ki, ona da çox az vaxt qalıb....”

Habil Aslanoğlu, Ziya İsmayılov APA TV- Kəlbəcər

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR