Kələ-kötür yollar, ağzı açıq kanalizasiya quyuları - BU KÜÇƏ NİYƏ TƏMİR OLUNMUR?

# 10:58
17 yanvar 2022

Bakının Xətai rayonu, Neapol 21, M1 ünvanında yaşayan sakinlər ara küçələrdəki yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.


Sakinlər deyir ki, bir kilometrlik bu yolun təmiri üçün dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, səslərinə səs verən olmayıb.

 

Ərazidə olan kanalizasiya quyularının ağzının açıq olması isə başqa bir dərddir. Sakinlər deyir ki, dəfələrlə həmin quyuya maşınlar düşüb. Yağış yağanda isə quyudan aşıb-daşan çirkab suları küçəyə axır ki, bu da xəstəlik mənbəyinə çevrilir.

 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli sakinlərin onlara müraciət etdiklərini təsdiqlədi. Bildirdi ki, problemdən xəbərdardırlar. Lakin sözügedən küçə onların balansında olmadığından heç bir iş görə bilmirlər: ”Həmin əraziyə əməkdaşlarımız baxış keçirib. Ərazi ara küçə olduğu üçün bu yol rayon icra hakimiyyətinin balansındadır. Həmin ərazidə hər hansı iş görmək bizim səlahiyyətimiz çərçivəsində deyil”.


Sakinlərin narazılıq etdiyi digər qurum olan, Xətai Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumun şöbə müdiri Pənah İmanov bildirdi ki, Xətai rayonu, Neapol 21, M1 ünvanındakı ara küçənin pis vəziyyətdə olmasına səbəb orada qazıntı işləri aparan müxtəlif dövlət qurumlarıdır: ”Həmin küçə haqqında məlumatımız var. Əməkdaşlarımız  sözügedən əraziyə baxış keçirib. Həmin yola 2 il öncə asfalt çəkilib, lakin bəzi xidmət idarələri orada  kommunikasiya xətlərini dəyişdiriblər və bununla bağlı onlara xəbərdarlıq etmişik ki, bu yolun təmirini də həll etsinlər”.


Pənah İmanovun sözlərinə görə, problemin həll olunması üçün bir neçə qurumla danışıqlar aparılır. Yaxın zamanda həmin yolun təmir olunması gözlənilir. Kanalizasiya quyusu da yol təmiri zamanı dəmir olunaraq qapaq qoyulacaq.

 

Belə görünür ki, küçənin sakinləri hələ bir az da gözləməli olacaqlar. Ümid edirik ki, o vaxta qədər küçə sakinlərindən kimsə kanalizasiya quyusuna düşərək bədbəxt hadisə ilə üzləşməz.

 

Mövzunu diqqətdə saxlayacağıq.

 

Semral Cavad,

Xəyal İskəndərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR