Kəmaləddin Heydərov İbrahim Yumakla görüşüb

# 15:32
27 sentyabr 2023

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, FHN-də keçirilən görüşdə qonaqları salamlayan nazir K.Heydərov İbrahim Yumaklını Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Fövqəladə hallar naziri xatırladıb ki, ölkələrimizin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi iradəsi sayəsində iki qardaş ölkə arasında hərtərəfli əlaqələr ən yüksək səviyyəyə çataraq, strateji müttəfiqlik müstəvisində uğurla inkişaf edir. K.Heydərov Fövqəladə Hallar Nazirliyinin strukturu və əsas fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib, ölkədə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən danışıb. Nazir iki qurum arasında meşə yanğınları ilə mübarizə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. Səmimi görüşə görə təşəkkür edən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı qardaş ölkədə baş vermiş fövqəladə hadisələr, o cümlədən cari ilin fevral ayındakı dağıdıcı zəlzələ zamanı Azərbaycan tərəfindən göstərilmiş hərtərəfli dəstəyi xatırladıb. Rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən türkiyəli nazir müvafiq sahədə əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR