Kəndli istehsal etdiyi fındığı dəyərindən ucuz satır

# 17:57
24 oktyabr 2022

Zaqatala rayonu Azərbaycanda fındıq istehsalına və onun keyfiyyətinə görə birinci yerdədir.

APA TV –nin yerli bürosu xəbər verir ki, rayonda olan fındıq bağları 21 min hektar ərazini əhatə edir. Avqust ayında başlayan fındıq yığımı artıq başa çatıb.

 Ancaq fermerlərin üzü gülmür. Çünki min bir əziyyətlə becərdikləri fındıq ötən illə müqayisədə bu il sudan ucuz satılır. Bir çox fermerin sözlərinə görə, ötən il bir kq fındığın qiyməti 3 manat 40 qəpik, 4 manat 20 qəpik arasında dəyişirdisə, indi bu rəqəm 2 manat 20 qəpik, 2 manat 80 qəpik təşkil edir.
 

Rayonda fəaliyyət göstərən fındıq istehsalı və emalı zavodundan bildirilib ki, bu il dünya bazarında alıcılıq qabiliyyəti aşağı düşüb. Məlumata görə, indiyə kimi emal olunan məhsulun 30-35 faizi Rusiya bazarlarına satılıbsa, qalan hissəsi Avropa bazarlarına çıxarılıb. Ancaq indi alıcılıq qənaətbəxş deyil və zavodun anbarlarında müştəri gözləyən 1700 tona yaxın fındıq qalıb.

Bəs görəsən Bakı bazarlarında fındığın qiymətində hansı dəyişikliklər var? Həmsöhbət olduğumuz satıcılar bildirir ki, təmizlənmiş fındığın qiyməti 12-14 manat arası, qabıqlı fındığın qiyməti isə 3-6 manat arasında dəyişir.

Alıcılar arasında keçirdiyimiz sorğu zamanı müxtəlif cavablar aldıq. Qiymətlərdən razı olanlar da var, narazı olanlar da.

Ötən il fermerlərdən 30-50 ton arasında fındıq alan yerli müəssisələr isə satış qiymətlərinin və alıcılıq qabiliyyətinin aşağı olduğunu əsas gətirərək bu il cəmi 5-6 ton fındıq alır.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA  TV, Zaqatala
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR