Kirayə ev axtaran qıza əxlaqsız təklif edən kim imiş?

# 19:22
11 yanvar 2022

Yəqin ki, bu videonu izləmisiniz. İzləmisinizsə, əminəm ki, etinasız yanaşa bilməzsiniz. Tələbəlik illəri ömrün ən gözəl çağıdır desəm, yəqin ki, yanılmış olmaram. Kimisi bu illəri öz evində, kimisi yataqxanada, kimisi isə kirayə mənzillərdə keçirir. İstər bizim tələbəçilik illərimizdə, istərsə də müasir gənc nəslin tələbəlik illəri zaman baxımından fərqli olsa da, yanaşma fərqi azdır.

Paytaxtda ali təhsil ocaqlarından birinin qarşısındayıq. Gördüyünüz ali təhsil ocağının elə giriş qapısındaca kirayə mənzil elanı asılıb. Hətta elanın üzərində telefon nömrəsi də var. Təbii ki, tələbələr məhz belə elanlar üzərindən də mənzil axtarırlar. Amma necə və nəyə diqqət edirlər?

Apardığımız sorğu zamanı məlum oldu ki, tələbələrin bəziləri öz qohumları vasitəsilə kirayə mənzil tapırlar. Bəzilər isə oxuduğu ali təhsil müəssisəsinə yaxın olmasını, ev sahibinin kim olmasına fikir verdiklərini deyirlər.

Məsələnin aktuallığını nəzərə alıb DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin qaynar xəttinə “Tələbə qızların ev sahibləri tərəfindən təcavüzə məruz qalması ilə bağlı müraciət olubmu” sualımıza nazirlik rəsmisi belə cavab verdi: “Kirayədə qalan xanıma ev sahibinin əxlaqsız təklifi ilə bağlı yalnız bir fakt qeydə alınıb. O da tələbə deyil”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə bu cür hallarla rastlaşmadığını dedi. Onun sözlərinə görə, sosial münasibətlər zəminində qarşılıqlı öhdəliklər və münasibətlər hüquqi formada tənzimlənməlidir: “Zaman-zaman biz vasitəçilik, realtorluq haqqında qanunvericilik aktının qəbul olunmasını, eyni zamanda yeni normaların müəyyən olunması ilə bağlı təkliflər verdik, müzakirələr getdi. Amma təəssüflər olsun ki, qanunun qəbulu həyata keçirilmədi. Bu sahə faktiki olaraq bu gün Azərbaycanda hüquqi tənzimləmədən kənardadır. Nə qədər kobud səslənsə də “kol və ağac dibində “ sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq doğru yanaşma deyil”.

Ekspert deyir ki, insan faktoru da bu məsələdə əsasdır. Onun sözlərinə görə, sosial şəbəkələr üzərindən bu kimi videolar bəzən tələbələr tərəfindən deyil, yüngül həyat tərzi sürən insanlar tərəfindən yayılır. Amma bu o demək deyil ki, kirayə mənzil bazarı qanunla tənzimlənməməlidir. “Kirayə münasibətləri rəsmiləşdirlməlidir”, -deyən Ramil Osmanlı əlavə edib ki, öhdəliklər rəsmiləşdirilməli, reysteri aparılmalıdır. Belə olmayan tədqirdə kirayə bazarındakı hərc-mərclik davam edəcək.

Sevinc Vaqifqızı,

Ceyhun Mustafayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR