Kitab sərgi-yarmarkası başladı - TANINMIŞ YAZAR NARAZIDIR

# 18:52
6 oktyabr 2021

Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının (“Baku International Book Fair 2021”) açılışı olub.

 

APA TV-nin məlumatına görə, açılışda Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmed Demircan iştirak edib.

 

Çıxış edən Əli Əhmədov sərginin əhəmiyyətindən danışıb, Azərbaycanda artıq ənənə halını almış kitab sərgisinin xalqımız üçün vacib olduğunu qeyd edib.

 

Mədəniyyət naziri Anar Kərimov isə builki sərginin ötən illərdəkindən fərqli olduğunu bildirib: “4 gün keçiriləcək sərgi zamanı 200-dən çox tədbirlər təşkil olunacaq. Təqdimatlar təşkil olunacaq. İş adamları bir-birləri ilə görüşəcəklər. Nəşriyyatlar bir-birləri ilə tanış olacaqlar və bizim də əsas məqsədimiz də budur ki, bu kitab bayramını cəmiyyətimizə hədiyyə edərək bu sahədə olan fəaliyyəti, nəşriyyatlar arasında olan əlaqəni gücləndirək”.

 

Sərgidə iştirak edən yazıçı Müşfiq Xan ilk gün üçün oxucu azlığından razı qalmadığını deyir: “Tədbir möhtəşəm təşkil olunub. Göründüyü kimi əvvəlki illərlə müqayisədə daha çox nəşriyyatlar iştirak edir. Sadəcə oxucu fəallığı, yəni gözlədiyimizdən qat-qat aşağıdır. Hər halda irəliləyən saatlarda, sərginin növbəti günündə, hansı ki, 5 gün davam edəcək daha da burda izdihamlar yaşanacaq. İnsanlar, oxucular kitabla təmasa girə biləcəklər. Hələ ki, bir az yan gəzirlər. Amma biz burdayıq, sərginin sonuna qədər də davam edəcəyik”.

 

Tanınmış yazar Cəlil Cavanşir isə sərgi-yarmarkanın bu məkanda təşkil olunmasından narazıdır. Onun sözlərinə görə, kitab sərgisi paytaxtın mərkəz hissəsində təşkil olunmalı idi: “Bizim gözləntilərimiz daha böyük idi və daha rahat yerdə, şəhərin mərkəz hissəsində olmağını gözləyirdik. Təəssüf ki, şəhərdən kənarda və gediş-gəliş rahat olmayan yerdə təşkil olunub. Təbii ki, avtobuslar fəaliyyət göstərir və məktəbliləri gətirirlər. Amma kitab oxucuları və kitaba maraq göstərən adamlar, mən təxminən 20 ilə yaxındır bu işlə məşğulam və mən kitab oxucuları daha mərkəzdə olan tədbirlərə meylli olurlar. Bu baxımdan. Yəni bu saata qədər ən azı 3 yazarımız şikayət etdi və geri qayıtdı. Tədbirə daxil ola bilmirlər. Amma ümumi təşkilatçılıq, al-əlvanlıq, müharibədən və pandemiyadan sonra belə bir tədbirin olmağı bizim tərəfimizdən, yazıçılar tərəfindən və nəşriyyatlar tərəfindən xoş qarşılanır”.

 

Qeyd edək ki, 13 ölkədən 165 müəssisənin iştirak etdiyi sərgidə “Nizami Gəncəvi İli” çərçivəsində hər gün saat 10:00-dan etibarən müxtəlif tədbirlər keçiriləcək.

 

Ziyarətçilər üçün sərgiyə metronun “Koroğlu” və “Elmlər Akademiyası” stansiyasından ödənişsiz avtobuslar hərəkət edəcəklər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR