Kommunikasiyalar keçən təhlükəli ərazilərdə təmizlik işlərinə başlanıb - FHN TƏRƏFİNDƏN

# 14:31
15 iyul 2021

“İyun ayının son 10 günündə respublika ərazisində müşahidə olunan anomal istilərin nəticəsi olaraq ölkə üzrə yanğınlar intensivləşməyə başladı. Hazırda iyun ayının son iki həftəsi ilə müqayisədə iyul ayında yanğınların iki dəfə azalması müşahidə olunur”.

 

APA TV-nin xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev bildirib. Onun sözlərinə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən verilən müvafiq göstərişlər əsasında xidmətin bütün rəhbər heyəti respublikanın müxtəlif regionlarında aidiyyəti təşkilatlarla müşavirələr keçirib. Nəticədə yanğınların baş verməsi ehtimalı olunan ərazilər, ünvanlar müəyyən edilərək nəzarətə götürülüb: “Hazırda biz Suraxanı rayonu Binə qəsəbəsində yerləşən yeni yaşayış massivindəyik. Burada əhali tərəfindən yol kənarına, eləcədə strateji infrastruktur olan dəmir yol xəttinin kənarlarına və AZAL-a məxsus yanacaq boru kəmərinin ətrafına müxtəlif məişət tullantıları atılıb. Sözügedən ərazi 10 min kvadratmetr sahəni əhatə edir. Təhlükəsizlik tədbirləri çərçivəsində yerli icra strukturları ilə bərabər ərazidə təmizlik işləri aparılır. Məişət tullantıları, yabanı ot bitkiləri ərazidən təmizlənir.”

 

Nazirlik rəsmisi sakinlərə xüsusi xəbərdarlıq da edib: “Havalar isti keçən zaman yol kənarlarında olan kol-kos potensial yanğın mənbəyidir. Ona görə də əhaliyə çağırış edirik ki, siqaret kötüklərini yol kənarında, təhlükəli ərazilərə atmasınlar. Eyni zamanda sakinlər yanğın təhlükəsizliyi ilə bağlı bütün lazımi tədbirlərə ciddi əməl etsinlər”.

 

20 ildən artıq burada salınan yeni yaşayış massivinin sakinləri deyir ki, ərazinin zibilxanaya çevrilməsinin səbəbi yaşayış massivində zibil qutularının olmamasıdır. Məhəllə sakini Nazim Rəhimov ərazinin zibilxanaya çevrilməsində sakinləri qismən günahkar bilir. Deyir əgər aidiyyəti qurumlar tərəfindən vaxtında əraziyə zibil qutuları qoyulsaydı bura üfunət qoxan mənzərəyə çevrilməzdi: “Bəs biz hara ataq zibili. Məcburuq ki, əraziyə, görünməyən hissəyə tökək. Mənim maşınım yoxdur ki, aparım kilometrlərlə uzağa, zibilxanaya atım.

 

Gəlib təmizləyirlər buraları?

 

Hə yalan deyə bilmərəm, ara-sıra zibil belə dolanda gəlib təmizləyirlər. Amma nə olsun, sonra yenə dolur. Çünki zibil qutusu yoxdur ərazidə”.

 

Zibilliyin vaxtlı-vaxtında daşınmamasından şikayət edən qəsəbə sakini Ramiz Heybətzadə isə deyir ki, toplanan zibilləri bəzən yandırırlar ki, evlərə dolmasın: “Bu küçədə iki kilometr məsafədə zibil qutuları qoyulub. Ona görə də sakinlər uzağa getmədən zibili elə bu əraziyə tökürlər. Suraxanı rayonu Xəzər rayonunun üstünə atır, ya da tərsinə”.

 

Hövsan  qəsəbə icra nümayəndəsi vəzifələrini icra edən Anar Əsədullayev deyir ki, sözügedən ərazidə dəfələrlə təmizlik işləri aparılsa da, ərazi sakinlər tərəfindən yenidən zibilxanaya çevrilib. Yaxınlıqdan həm yeraltı kanalizasiya xətti, həm də xüsusi mühafizə olunan yanacaq borusu keçir. Zibillikdə hər dəfə yanğın baş verdiyi zaman həmin strateji infrastruktur üçün ciddi təhlükə yaranır. Məişət tullantılarının yığılması üçün zibil qablarının quraşdırılmasına gəlincə... “Hazırda yolun kənarında səki tikilir. Daha sonra yolun asfaltlanma hissəsi həyata keçiriləcək. Zibil meydançalarının tikilməsi də bundan sonra quraşdırılacaq. Ən qısa zamanda yolun təmiri başa çatacaq, ondan sonra sakinlərin problemi həll ediləcək”.

 

Anar Əsədullayev onu da bildirdi ki, ərazi təmizləndikdən sonra bir daha analoji vəziyyətin yaşanmaması üçün bura diqqətdə saxlanılacaq. Xüsusi texnikalar vasitəsilə vaxtaşırı zibillər ərazidən təmizlənəcək.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV 

 

 

 

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR