Körpəyə ziyan vuran batil inanclar - VALİDEYNLƏR DİQQƏT

# 17:58
26 oktyabr 2021

El arasında uşağı qırxı çıxmamış çimizdirməmək, dırnaqlarını tutmamaq, əllərinin içərisində olan qalıqları təmizləməmək və.s. kimi adətlər var.

 

APA TV xəbər verir ki, amma, bu kimi adətlərə riayət edən zaman körpələrə ziyan vermək mümkündür.

 

Mövzu ilə bağlı açıqlama verən həkim pediatr Günay Rəsulova deyir ki, körpə dərisi tez qurumağa, səpməyə meylli olduğundan onun dərisinə qulluq çox önəmlidir. Pediatrın sözlərinə görə, bu problemlər vaxtında müalicə olunmadıqda ciddi fəsadlara gətirib çıxarda bilər: “Zamanında müalicə olunmadığında sepsisə qədər gətirib çıxara bilir. Çünki burda artıq bakteriyalar prosesə qoşulur. Uşaqda temperaturun yüksəlməsi septik vəziyyətə qədər gətirib çıxardır. Təəssüflər  olsun ki, biz belə hallarla tez-tez rastlaşırıq. Uşağı çimizdirməyə qorxurlar. İndi üzü soyuğa gedir uşaqları 10 gündən bir, hətta 1 aydan bir çimizdirirlər. Bu yanlışdır, uşaq dərisinin təmiz tutulması, dərinin baryer xüsusiyyətinin qorunması uşağın immunitetinin qorunması və xəstələnməməyi üçün daha vacib məsələdir”.

 

Bir çox valideynlər hətta uşağın 40-ı çıxmamış körpəni kimsənin görməsini istəmir, üstünə ağırlıq töküldüyünə inanırlar. Maraqlıdır bəs bu inanclar hardan irəli gəlir?  İlahiyyatçı Əkrəm Həsənovun fikrincə, islam dinində belə bir göstəriş yoxdur: “İslam dinində uşaq dünyaya gəldikdən sonra onu 40 gün təmizləməmək, çimizdirməmək, hətta saçını kəsməmək kimi bir göstəriş yoxdur. Allahın Rəsulu özü hədislərdə bildirib ki körpə uşaq dünyaya gələndə 7-ci günündə saçı kəsilir. Saçının ağırlığında sədəqə verilir”.

 

İlahiyyatçının sözlərinə görə, islam dini bu inancları qəbul etmir. O deyir ki, bu kimi inanclar bir başa qədim mifologiya ilə bağlıdır.

 

Nərmin Murad

Xəqani Hüseynov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR