“Kupça”ların verilməsi niyə yubanır?

# 14:24
31 avqust 2021

Daşınmaz əmlak alarkən ən birinci onun sənədlərinin qaydasında olması, ən əsas da mülkiyyətin çıxarışının olub-olmadığı ən çox maraq kəsb edən məqamdır.

 

APA TV-nin məlumatına görə, illərdir bu sahədə yeni qərarlar verilsə də, mövcud qanunlara əlavə və dəyişikliklər olunsa da, torpaq sahələrinə, fərdi yaşayış evlərinə çıxarışların verilməsi məsələsində problemlər hələ də qalmaqdadır. Ən azından vətəndaşlar arasında apardığımız sorğu belə deməyə əsas verir:

 

Bütün həyətyanı sahələr, bütün evlər çıxarışla təmin olunsa, yaxşı olar.

 

Hər birimiz gözləyirik ki, çıxarış olsun. Daşınmaz əmlaklarımız sənədlə təmin olunsun. Təəssüf ki, verilən qərarlar kağız üzərində qalır və bu bir narazılıq yaradır. Yəni sabah böyük bir təhlükə ola bilər.

 

Əgər söz verilibsə, yəqin ki, yerinə yetirilər. Yəqin ki, hansısa arxivdə qalıb. Üzə çıxar inşallah. Mənim torpaq sahəm yoxdur. Amma gələcəkdə torpaq sahəsi alsam, çalışacam ki, çıxarışı olsun.

 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, 2019-cu ildə bu məsələ ilə bağlı dövlət tərəfindən konsepsiya qəbul olunsa da, hazırda sənədsiz evlər, torpaq sahələri daşınmaz əmlak sahəsində ən aktual problemlərdən biridir: “Ümumilikdə 250 mindən artıq yaşayış evi invertarlaşdırılıbdır. Sadəcə bu proses müxtəlif səbəblərdən, pandemiyaya görə ayrı-ayrı şəxslərlə canlı ünsiyyətdə ola bilməməkdən irəli gələrək bir qədər ləngiyib. Amma yenə də prosesin icrası davam edir və bu prosesin icrası yekunlaşdıqdan sonra dövlətin, xüsusilə də dövlət başçısının bununla bağlı bir qərarı olacaqdır ”.

 

Əmlak eksperti Nüsrət İbrahimov isə bildirir ki, hər hansı bir mülkiyyətə çıxarış almaq üçün torpaq sahənin ilkin olaraq notarial qaydada alqı-satqı sənədi və ya ərazi üzrə bələdiyyə orqanlarından alqı-satqı aktı tələb olunur: “Bu ilkin sənədlər əsasında dövlət rester xidməti torpaq sahəsinə çıxarış verir. Ondan sonra həmin torpağın üzərində hər hansı bir tikinti işi aparmaq üçün layihə-smeta sənələri hazırlanır və ona da uyğun tikinti aparılır. Sonra üzərindəki tikili və altındakı torpaq sahəsi ilə birgə dövlət reyster xidməti tərəfindən rəsmiləşdirilir”.

 

Ekspert bildirir ki, ölkə ərazisində bütün mənzillər, torpaq sahələri çıxarışla təmin olunması ilə vətəndaşların da hüquqları tam təmin olunacaq: “Vətəndaşın həm bağışlamaq hüququ, həm vərəsəlik hüququ, həm də əmlakı girov qoyaraq kredit götürmək hüququ olacaq. Bundan başqa vətəndaşının özünün biznes fəaliyyətini qurması və ya bərpa etməsi üçün imkanlar yaranacaq. O cümlədən vətəndaş yaşadığı evdə qeydiyyatda olacaq və bunun nəticəsində ərazi üzrə seçkilərdə iştirak etmək hüququ əldə edəcək”.

 

Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, car ilin birinci yarısında 52193 mənzil dövlət reyestrindən çıxarışla təmin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 126,5% daha yüksək göstəricidir. Ötən ilin birinci yarısında isə 41250 mənzil dövlət reyestrindən çıxarışla təmin olunub.

 

Qeyd edək ki, cari ilin birinci yarısında mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının ümumi sayı 168 737 olub.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR