Laçına ikinci köç karvanı: “31 ildir üzüm gülmürdü”

# 20:25
13 iyun 2023

 

Mayın 27-də Laçına ilk köç başladı. Birinci mərhələdə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürüldü. İyunun 14-də Laçına növbəti, ikinci köç baş tutacaq. 22 ailə, yəni 72 nəfər doğma ata-baba yurduna gedəcək. Bu ailələrdən biri də Ramin Abdullayevin ailəsidir. Ramin 1977-ci ildə Laçında dünyaya göz açıb. Orada ilk addımını atıb, ilk dəfə orada yıxılıb, qalxıb, ağlayıb, gülüb. Ta 1992-ci ilə kimi. Ramin Abdullayev Bakıya gələndə cəmi 15 yaşı vardı. Bir əlini itirmişdi. Burada 28 il anası ilə birlikdə bağçada yaşayıb. 2019-cu ildə dövlət tərəfindən müvəqqəti olaraq yaşamaq üçün evlə təmin edildi. Deyir ki, hər zaman dövlətin diqqətini, qayğısını hiss edib. Amma ürəyindəki Laçın həsrəti, nisgili qoymayıb ki, üzü gülsün. İndi içindəki nisgilin 31 yaşı var. Və sabah o torpağa ayaq basan kimi bu nisgil birmənalı olaraq bitəcək. 31 il əvvəl Laçından didərgin düşdükləri zamanı xatırlayan Ramin deyir ki, o ana qədər Laçında çox xoşbəxt ailəsi, yaxşı evləri olub. Heç vaxt ağlına gəlməzdi ki, nə vaxtsa ev-eşiklərindən ayrı düşəcək. Sevincdən hissləri bir-birinə qarışıb Raminin. Hazırda sabahkı köç üçün evdəki əşyaları yığır. Bu işdə ona xanımı və iki övladı kömək edir. Övladları azyaşlı olduqları üçün doğma ata-baba yurduna ilk dəfə qədəm qoyacaqlar. Onlar Laçında “1 dekabr” küçəsində dövlət tərəfindən tikilən 4 otaqlı yeni evdə yaşayacaqlar. Ramin Abdullayev deyir ki, bu sevinc hissini Azərbaycan xalqına yaşatdığı üçün bir ömür boyu Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, şanlı ordumuza minnətdardır. Hazırda yaşadığı evin də açarlarını sabah dövlətə təqdim edəcək. Amma əsas arzusu budur ki, bu ev hansısa aztəminatlı ailəyə, qaziyə, yaxud şəhid ailəsinə nəsib olsun. Bəli, indi o hər daşında-qayasında, hər dağında-dərəsində bir xatirəsi olan ata yurduna - Laçına gedir. O Laçına ki, səmasındakı qara buludlar günəş şəfəqləri ilə əvəzlənib. O Laçına ki, azadlığına qovuşub. O Laçına ki, maviyə, qırmızıya, yaşıla bürünüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR