Laçında açılan hava limanı bölgədə nələri dəyişəcək?

# 19:13
17 avqust 2021

“Laçın hava limanının təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var”.

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, Füzuli və Zəngilan aeroportlarından sonra Laçında hava limanının inşasına başlanması Azərbaycanın mövqelərini möhkəmləndirəcək: “Laçın rayonunda yeni hava limanının açılmasının həm iqtisadi, həm siyasi, həm də çox böyük hərbi əhəmiyyəti vardır. Bu hava limanlarının açılması insanların həmin yerlərə gedişini asanlaşdıracaq və hərbi-strateji baxımdan da Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcəkdir”.

Deputat bildirib ki, Prezidentin digər önəmli mesajlarından biri isə, Ermənistanın məğlub edilməz ordu mifinin darmadağın edilməsini vurğulamasıdır: “Ermənilər ancaq yaranıblar dağıtmaq üçün. Bunlarda hər şeyi şişirtmək, yalandan dünyaya car çəkmək, qondarma soyqırımlarından tutmuş hər şeyə qədər saxta təbliğat aparmaq adəti var. Amma görün onlar Qarabağ ərazisində nə qədər vəhşiliklər törədiblər. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında bir daha sübut elədi ki, heç bir böyük Ermənistan ordusu yoxdur, heç bir qəhrəman erməni əsgəri yoxdur. Əksinə 10 mindən çox onların fərariləri var. Budur bunların qəhrəmanlığı?”.

Komitə sədri qeyd edib ki, Prezident Laçın və Kəlbəcərə səfəri ilə hər kəsə mesaj verdi ki, bu ərazilər əzəli Azərbaycan torpağıdır və buranın əsl sahibləri öz yurd-yuvalarına qayıdacaqlar: “Həmin ərazilər qədim Azərbaycan torpaqlarıdır və eyni zamanda bizim keçmiş köçkünlərimiz həmin ərazilərə qayıdacaqlar. Cənab Prezident səfəri zamanı qeyd etdi ki, artıq pilot kəndlər, pilot şəhərlər seçilib. Artıq Ağdam pilot şəhər kimi müəyyən olunub və onun layihəsi artıq hazırdır və üzərində işlər gedir. Bu proses digər yaşayış məntəqələri üzrdə də davam edəcəkdir”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Laçın və Kəlbəcər rayonlarına səfər ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR