Lənkəranın dağ kəndlərinə gedən yollarda növbəti uçqun olub

# 11:43
24 aprel 2021

Yağıntılı hava şəraiti Lənkəranın dağ kəndlərinə gedən yollarda növbəti uçqunlara səbəb olub.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, leysan xarakterli yağışlardan sonra Lənkəran rayonunun 7 kəndinə aparan yolda uçqunlar yaranıb.

 

22 km-lik Hirkan-Daşdatük-Biləsər yolundakı deformasiyalar bir neçə vaxtdır ki, nəqliyyatın hərəkətinə çətinliklər törədir: “Bir-iki ilə yaxındır ki, yol uçub, baxan yoxdur, bərbad günündədir. Əziyyət çəkirik, gündə bu yoldan istifadə edirik. Axşam vaxtı, ümumiyyətlə, əziyyət çəkirik. Nişanlar itib, uçub hamısı dərəyə. Burada uçqun var, bir az da qabaqda var. Çox təhlükəlidir, camaat da narahat olur. Oranı bir az kənardan ehtiyatla keçirəm ki, təhlükədən keçək. Aidiyyəti qurumlardan xahiş edərdik ki, imkan daxilində bu yola nəzarət eləsinlər. Bu uçqunlar gələcəkdə gedəcək, yağışlar güclü yağsa, bu yol axa bilər yenə”.

 

Dağ yamaclarından keçən bu yol 2018-ci ildə dövlət investisiyası hesabına çəkilərək istifadəyə verilib. Sakinlərin bildirdiyinə görə, yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb. Yolda elə hissələr var ki, çökmə nəticəsində təxminən 1 metr yarım enində, 15 metr uzunluğunda yarğanlar yaranıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağıya doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var. Bu da istənilən anda yeni uçqunları qaçılmaz edir.

 

AAYDA-nın Lənkəran 48 №-li Yol İstismarı MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadovun sözlərinə görə, yol özü yüksək səviyyədə tikilib istifadəyə verilmişdi. Ancaq qeyd etdiyiniz ərazilər ki var, 7-9-cu km, həmin ərazilər sürüşməyə tez-tez məruz qalan ərazilərdir. Əsasən də payız-qış dövründə yağış, qar sularının təsirindən aşağı yol yamaclarında tez-tez sürüşmələr baş verir. Təşkilatlardan mütəxəssislər dəvət etmişik, hamısı bu işlə maraqlıdırlar, lazım olan təklifləri hazırlayıb aparıblar. Yaxın gələcəkdə onların köməyi ilə çalışacağıq ki, bu çətinlikləri aradan qaldıraq”.

 

Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulsa da, bu, sözügedən yolda yaşana biləcək bədbəxt hadisələrdən sığortalamır. Təmir-bərpa işləri başlayan vaxta kimi ümid edək ki, yoldan istifadə edən sürücülər ehtiyatlı davranaraq özlərinin və sərnişinlərinin həyatını riskə atmayacaqlar.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR