“LİBRAFF”da Əhmədiyyə Cəbrayılov haqqında kitab təqdim olundu

# 09:58
24 iyun 2023

“LİBRAFF” Kitab Evində “TEAS Press” Nəşriyyat Evinin təşkilatçılığı ilə Fransada yaşayan azərbaycanlı yazıçı Şain Sinarianın müəllifi olduğu ˝Bir ömür, iki tale˝ kitabının təqdimatı keçirilib. Tədbirdə xalq şairi Ramiz Rövşən, millət vəkili Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Xalq artisti Mehriban Zəki, kinorejissor Ayaz Salayev, Fransanın Azərbaycandakı səfiri Ann Buayon və yazıçının digər dostları iştirak ediblər. Müəllifin çoxillik araşdırmalarının nəticəsi olan kitab “Fransanın Milli Qəhrəmanı” adlandırılan “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılovun rəsmi bioqrafiyasıdır. Fransa arxivlərindən tapılan materiallar, muzeylərdəki tarixi sənədlər, habelə fransız tarixçiləri və qəhrəmanın cəbhə yoldaşları ilə söhbətlər əsasında yazılmış bu kitabda oxucuya Əhmədiyyə Cəbrayılovun əslində kim olduğu haqqında geniş məlumat verilib. Yazıçının sözlərinə görə, Əhmədiyyə Cəbrayılov haqqında araşdırma edərkən bəlli olub ki, onunla bağlı bilinən məlumatların əksəriyyəti əfsanədir. Məsələn, onun Şarl de Qol ilə dostluğu olmayıb. 5-6 dil bilməsi də doğru deyil. Müəllif deyir ki, Əhmədiyyənin həyatı onun haqqında uydurulan əfsanələrdən daha maraqlıdır. Sonda isə müəllif oxucular üçün kitab imzalayıb və xatirə fotosu çəkdirib. AYNUR QARA ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR