Lirə ucuzlaşır, fəlakətlər baş verir, amma ölkəyə axan investisiya dayanmır - Türkiyə sirri

# 18:53
19 aprel 2023

Türkiyədə seçki ərəfəsi olsa da, ölkənin iqtisadiyyatı öz dinamikliyini qorumaqdadır. Müxtəlif iqtisadi araşdırma mərkəzləri Türkiyənin maliyyə vəziyyəti barədə fərqli yanaşmalar irəli sürürlər. Məsələn, ötən illə müqayisədə Türkiyə iqtisadiyyatı bir neçə dəfə inflyasiyaya uğrasa da, hökumət sosial vəziyyətin çətinləşməməsi, ağırlaşmaması üçün minimum əmək haqqı barədə qərarlar qəbul etdi. Yəni ki, 2022-ci il iyulun 1-də Türkiyədə minimum əmək haqqı 5500 lirə müəyyən edilmişdisə, bu il 8500 lirə qəbul edilib. Ölkəyə xarici kapitalın axınında da artım var. Bu barədə isə Türkiyə Statistika Təşkilatı məlumat verib. Qurum bildirib ki, 2022-ci ildə 5,6 faiz artım qeyd edib və adambaşına düşən Ümumi daxili məhsul (ÜDM) 10 min 655 dollar olaraq hesablanıb.

Son illər sənaye sahəsində böyük irəliləyişlər əldə edən qardaş ölkədə daşınmaz əmlak bazarında da sıçrayışlar müşahidə olunmaqdadır. Belə ki, qanuna edilmiş dəyişiklər əsasən ölkə ərazisində daşınmaz əmlak almağa icazə veriləndən sonra Türkiyənin inşaat sektoru daha da inkişaf edib. Alıcılar arasında İran, İraq, Qətər, Rusiya, Azərbaycan, ABŞ və Avropa ölkələri də var. Təkcə ötən ilin noyabr ayında Rusiyadan Türkiyədə daşınmaz əmlak alanların sayı 70 faiz artıb. Bu barədə “Skolkovo Realty” təşkilatı məlumat verib. Qeyd olunub ki, rusiyalılar yaşayış icazəsi və ya ölkə vətəndaşlığı üçün müraciət etmək məqsədilə respublikada mənzil almaqda maraqlıdırlar.

 

“Kalinka” beynəlxalq konsaltinq şirkətinin hesablamalarına görə isə rusiyalılar Türkiyədə daşınmaz əmlak alqı-satqısına görə əcnəbilər arasında lider olublar. 2022-ci ilin üç rübünün nəticələrinə görə, onlar 9,31 min mənzil və digər daşınmaz əmlak alıblar ki, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 2,6 dəfə çoxdur.

 

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Nazirliyinin Torpaq Reyestri və Kadastr Baş İdarəsinin məlumatına görə, “Türkiyədə 2022-ci ildə 3 milyon 434 min 389 daşınmaz əmlak alqı-satqısı əməliyyatı aparılıb, vergi yığımının məbləği 41 milyard 555 milyon 953 min 953 türk lirəsi (2 milyard dollardan çox) təşkil edib və alıcıların 60 faizindən çoxu xarici vətəndaşlardır. Türkiyə Statistika Qurumunun məlumatına görə,  qeyd olunan tarixdə vətəndaşlarımız qardaş ölkədə 139 mənzil alıblar. Ötən ilin son ayının statistikasına görə, Türkiyədə mənzil alan xarici ölkə vətəndaşlarının siyahısında həmvətənlərimiz 8-cidir. Ümumilikdə isə Azərbaycan vətəndaşları 2022-ci il ərzində Türkiyədə 1330 mənzil alıblar. 2022-ci ildə Türkiyədə mənzil alan xarici ölkə vətəndaşlarının ilk üçlüyünə gəlincə, Rusiya vətəndaşları bu siyahıda birinci, İran vətəndaşları 8 min 223 mənzillə ikinci, İraq vətəndaşları isə 6 min 241 mənzil sayı ilə üçüncü yerdədir.

 

Mediaya açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb.

Sitat: "2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq. Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətlidir. İnanırıq ki, nəticələr mövcud düzənin möhkəmlənməsinə xidmət edəcək".

 

Deputat Aydın Hüseynov da bildirib ki, investerların Türkiyə iqtisadi sisteminə inamı var. O əlavə edib ki, sahibkarlar istər sənaye, istərsə də, daşınmaz əmlaka yatırılan pulların geri qayıdacağına əmindirlər.

 

Türkiyənin iqtisadi vəziyyəti ilə bağlı açıqlama verən professor Elşad Məmmədov bildirib ki,  ölkədə təbii fəlakətlər olsa da, kapital axını davam etməkdədir. O əlavə edib ki, Türkiyənin iqtisadi sistemi xarici investisiyaların cəlbedilməsinə köklənib.

 

Rəsmi rəqəmlərə görə, Türkiyə iqtisadiyyatı 2021-ci ildə 11, 2022 ilin son rübündə isə 9,1 faiz artıb. İstehsal üsulu ilə artım cari qiymətlərlə əvvəlki ilə nisbətən 42,8 faiz artaraq 7 trilyon 209 milyard 40 milyon türk lirəsi olub. Sənayedə artım tempi 16,6 % olub.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR