Mağazaların onlayn fırıldağı - ARAŞDIRMA

# 17:59
3 iyul 2023

Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da son illər elektron ticarət geniş vüsət alıb. Əziyyət çəkməmək, rahat olmaq üçün sifariş verirsən, məhsulu düz qapına qədər gətirib çıxarırlar. Amma rahatlığın çox çəkmir. Daha doğrusu rahatlığın məhsuldan istifadə edənə kimidir. Tutaq ki, ölçü problemi yaranıb və sən aldığın geyimi qaytarmaq istəyirsən. Bax, əsl məzhəkə bundan sonra başlayır. Min bir bəhanə ilə işə yaramayan məhsulun müştəridə qalmağını istəyirlər. İstehlakçıların çoxu bu problemlə üzləşib. Halbuki qanunla müştərinin aldığı məhsulu 14 gün ərzində geri qaytarmaq səlahiyyəti var. “Bizdə qaytarılma yoxdur” deyən mağaza sahibləri isə ən yumşaq şəkildə desək, böyük yalan uydururlar. Bundan başqa onlayn satış həyata keçirən mağazaların əksəriyyəti kassa çeki vermir. Bu isə vergidən yayınma cəhdi ilə yanaşı, müştəri hüququnun kobud şəkildə pozulmasıdır. Qəhrəmanımız Fidan Qarayeva da belə bir problemlə üzləşib. Amma ayıq davranaraq aldığı məhsulun çekini əvvəlcədən tələb etməsi, onun işini qismən asanlaşdırıb. Qəhrəmanımız Fidan Qarayeva kimi bu problemlə üzləşənlər çoxdur. Amma təəssüf ki, onlar kassa çeki və ya hansısa ödəniş qəbzi tələb etmədikləri üçün hüquq mühafizə orqanlarına da müraciət edə bilməyiblər. Necə deyərlər aldıqları məhsul elə əllərindəcə qalıb. Ölkədə satılan məhsulun çekini müştəriyə verməyən online alış-verişlə məşğul olan satış səhifələri çoxdur. Onlardan biri də böyükbeden.az satış səhifəsidir. Sözügedən səhifəni işlədən şəxs açıq-aşkar etiraf etdi ki, onlarda qaytarılma xidməti mövcud deyil. Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz hüquqşünas Şamil Paşayev isə deyir ki, hər bir şəxsin malın əmtəə görünüşünü, etiketini, paketləmə qaydalarını pozmamaq şərti ilə 14 gün müddətində dəyişdirə və qaytara bilmək hüququ var. Bəli, elə əlaqə saxladığımız İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də i bildirdilər ki, istehlakçılar onlayn satış platformalarından hər hansı məhsul alarkən mütləq qəbz, kassa çeki və digər təsdiq edici sənəd tələb etməlidirlər. Əgər həmin məhsulu dəyişdirmək və qaytarmaq istəsəniz təsdiqedici sənədləri təqdim etməklə, eyni zamanda malın əmtəə görünüşünü, etiketini, paketləmə qaydalarını pozmamaq şərti ilə 14 gün müddətində dəyişdirə və qaytara bilərsiniz. O ki, qaldı onlayn ticarətlə məşğul olanların müştərilərə kassa çeki, ödənişi təsdiq edən hər hansı sənədi verməməsinə, Dövlət vergi Xidmətindən bildirdilər ki,belə olan halda vergi ödəyicisinə maliyyə sanksiyası təbiq edilir. Əl-qərəz: Ayıq-sayıq olun ki, sonradan aldadılan istehlakçılar siyahısına adınız düşməsin. AYTƏN SAKİTQIZI XƏYAL İSKƏNDƏROV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR