Magistral yolda nəqliyyatın hərəkəti tam bərpa edildi

# 17:12
15 oktyabr 2022

Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı boru kəmərində baş verən qəza nəticəsində, Qaradağ rayonu ərazisində yolu su basıb. Nəticədə kilometrlərlə uzunluğunda tıxac əmələ gəlib. Tıxacın nisbətən aradan qaldırılması üçün avtomobillərin yolun əks istiqamətində hərəkət etməsinə icazə verilib.

 

Hadisə yerinə gələn Baş nazirin müavini Şahin Mustafayev isə su borusunda baş verən partlayışa görə şəhər ərazisində, həmçinin Lökbatan qəsəbəsində içməli suyun verilməsində problemlər yaranmadığını bildirib. Onun sözlərinə görə hazırda hadisənin yaratdığı fəsadlar aradan qaldırılır. “Bakıya 3 kəmər gedir. 2 kəmər işləyir. 1 kəmərdə qəza baş verib. Qəzanın nəticələri də aradan qaldırılacaqdır. Hal-hazırda və yaxın müddətdə su təchizatında heç bir problem gözlənilmir. Əslində çətinlik yol hərəkətindəydi. Onu da gördüyünüz kimi lazım olan tədbirlər görülür və problemlər aradan qaldırılır”.

 

Əraziyə Fövqəladə Hallar, Daxili İşlər Nazirliklərinin, “Azərsu” ASC-nin, və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, hadisə yerinə Dövlət yanğından Mühafizə Xidmətinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub: “Qəzanın aradan qaldırılmasına FHN-nin 10-dan artıq texnikası və 14-ə yaxın nasosu cəlb olunmuşdur. Birinci növbədə çalışırıq ki, magistral avtomobil yolunun tam açılmasına nail olaq. Artıq görürsünüz ki, hərəkət qismən var. Tezliklə qəzanın aradan qaldırılmasına nail olacağıq”.

 

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, Partlayış baş verən su kəməri sovet dövründə çəkilib: “Partlayış baş verən su kəməri sovet dövründə çəkilib, hər il müxtəlif yerlərdə qəzalar baş verir. Hazırda əhalinin su ilə təchizatında problem yoxdur. Qəzanın nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görülür".

 

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da cəlb edilib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyir ki, hazırda burda olan nasazlıq aradan qaldırılır və asfalt yol örtüyündən suyun çəkilməsi istiqamətində işlər görülür: “Gördüyünüz kimi bizim əməkdaşlar da yolun tənzimlənməsi üçün lazımi işləri görürlər”.

 

Qeyd edək ki, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomagistral yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR