“Media şəhidləri” parkında anım tədbiri keçirildi

# 17:55
15 aprel 2022

Qubada “Media şəhidləri” parkında ötən il Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan jurnalist Məhərrəm İbrahimovun xatirəsi anılıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, şəhid jurnalistin 40 yaşının tamam olması münasibətilə keçirilən tədbirdə bildirilib ki, Azərbaycanın media əməkdaşları şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsində döyüş bölgəsində şərəflə öz vəzifələrini yerinə yetiriblər. “Media şəhidləri” parkında erməni terrorunun qurbanı olan bütün media nümayəndələrinin, o cümlədən Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun xatirəsi əbədiləşdirilib.

 

Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov və bacısı Sevda Əsgərova çıxış edərək anım mərasimin təşkilatçılarına təşəkkür ediblər.

 

Tədbirdə Məhərrəm İbrahimovun şərəfli ömür yolu və jurnalistika fəaliyyəti barədə ətraflı məlumat verilib. Şəhid jurnalistin oğlu Uğur İbrahimov atasına həsr olunan şeir səsləndirib.

 

Mərasimin sonunda Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb, tədbir iştirakçıları “Media şəhidləri” parkı ilə tanış olublar.

 

Qeyd edək ki, 2021-ci il iyunun 4-də Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Məhərrəm İbrahimov və Sirac Abışov ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR