Media subyektləri vergidən azad edilir
Media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən, sadələşdirilmiş vergidən azad edilir. Bundan başqa media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad olunur.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.
Vergidən azadolmalar audiovizual media subyektlərinə şamil olunmur.