Məhərrəm Əliyev: "Prezident İlham Əliyev atasının tapşırığını yerinə yetirdi" - VİDEO
“Prezident İlham Əliyev atasının onun qarşısında qoyduğu tapşırığı yerinə yetirdi. Bu gün biz xoşbəxt xalqıq ki, artıq Qarabağ bizdədir, Qarabağ azad olunub. Bu, Heydər Əliyevin qoyduğu yolla getdiyimiz üçün olub. Yoxsa Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, deyərdim ki, bu gün bizim Azərbaycan dövlətinin olmasına da biz şübhə edərdik”.
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.
O bildirib ki, ulu öndərin apardığı siyasət bu gün öz bəhrəsini verir: “Onun ən böyük uğuru ondan ibarət oldu ki, İlham Əliyev kimi şəxsiyyəti yetişdirdi. Çünki bu məsələləri ancaq o həll edə bilərdi. Və o da həll etdi. Mən də özümü xoşbəxt sayıram ki, Heydər Əliyevin dövründə də fəaliyyət göstərmişəm. Bu gün də sözsüz ki, apardığımız uğurlu işlərin nəticəsidir ki, Qarabağ torpağı azad olunub. İnsanlar xoşbəxtdir. Bəlkə də Azərbaycan xalqı üçün bundan böyük xoşbəxtlik ola bilməzdi. Tarixlər həmişə sərkərdələri yadda saxlayır. Azərbaycanda da sözsüz ki, Heydər Əliyev kimi şəxsiyyət, İlham Əliyev kimi onun davamçısı tarixdə qalacaq. Biz də o tarixi yaşatmaq üçün əlimizdən gələn işləri görməyə çalışacağıq”.