Məhsulu sata bilməyən Zaqatala sakinləri görün nə yola əl atdı

# 17:43
21 noyabr 2022

Zaqatala sakinləri sata bilmədikləri yaş xurmanı qurudaraq satışa çıxarır.

Sakinlər deyir ki, Rusiya və Ukrayna müharibəsinə xurmanın xarici bazara çıxarılmasına mənfi təsir göstərib. Yerli bazarda isə məhsula tələbat azdır. Odur ki, yaş halda sata bilmədikləri məhsulu qurudub sataraq zərərdən çıxmağa çalışırlar.

Sakinlər deyir ki, xurma qurusunu yaş halda olan xurma ilə müqayisədə daha uzun müddət saxlamaq mümkündür. Hazır məhsulu kağız və parça torbalara yığaraq quru və sərin yerdə keyfiyyətini itirilmədən iki il saxlamaq mümkündür.

Bəs xurma qurusunu necə hazırlayırlar? Məhsulun tam hazır olması bir aya yaxın vaxt tələb edir. Əvvəlcə xurma ağacdan saplağı ilə birlikdə toplanır. Daha sonra soyularaq ipə düzülür. İpə düzülən xurmalar quru şəraitdə, 65-70 dərəcəyə qədər istilikdə saxlanılır. Qurutma prosesi zamanı nəmin çıxması üçün xurmaların saxlandığı yerin qapısı daim açıq qalmalıdır.

Ötən illərə nisbətən xurmanın yaş və ququ halda xarici ölkələrə çıxışı az olduğundan qiymət daxili bazarlarda da aşağı düşüb. Hazırda quru xurma Zaqatala bazarında növündən asılı olaraq 2-3 manat arasında dəyişən qiymətlərlə satılır.

Rayonda mövcud olan 400 hektara yaxın xurma bağından 20 min tona qədər xurma məhsulu tədarük edilib.

Qeyd edək ki, xurmanın ev şəraitində qurudulma ənənəsinə Zaqatalada hələ ötən əsrin 70-80-ci illərindən başlanılıb. Oktyabr ayının ikinci yarısından başlanan bu proses dekabr ayının əvvəllərinədək davam edir. Bir ton yaş xurmanı qurutduqda təqribən 200-250 kq quru məhsul almaq mümkündür.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu APA TV, Zaqatala
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR