Məktəbdəki tualet qalmaqalı böyüyür - Müəllimə töhmət verdilər

# 19:25
9 yanvar 2023

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində çəkilən video son günlərin əsas müzakirə mözvusuna çevrilib.

Leyla Nəcəfquliyeva adlı müəllim özü çəkdiyi videoda bildirir ki, dərs dediyi məktəbdə tualet yoxdur, buna görə də dərsləri boykot edir. O, şagirdlərə də məktəbə gəlməməyi tövsiyə edib.

 

Onun sözlərinə görə, məktəbdə illərdir ayaqyolu problemi hökm sürür. Artıq vəziyyət o həddə çatıb ki, böyük siniflər balaca sinifləri tualetə buraxmır, saatlarla növbədə gözləyən uşaqlar çətin anlar yaşayırlar.

Direktor Anar Ələkbərov sözügedən video ilə bağlı bildirib ki, məktəbin həyətində 3 sanitar qovşaq var. Direktor bildirib ki, Leyla Nəcəfquliyevaya töhmət verilib. Ancaq bu addım çəkilən videoya görə deyil, müəllimin uşaqları dərsdən yayındırdığına görə atılıb.

Müəllimə isə deyir ki, şagirdlərə görə hər şey edəcək. Onun sözlərinə görə, direktor hazırda məktəbdə xüsusi dəstə yaradıb.

Müəllimin direktorla bağlı bu iddiasına da aydınlıq gətirməyə çalışdıq. Mil-Muğan Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev iddianın həqiqəti əks etdirmədiyini dedi.  

Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, mövcud qanunvericiliyin tələbinə görə, normal şəraitdə təhsil verilməsi təhsil idarəetmə orqanlarının qarşısındakı ən vacib məsələdir. Ekspert hesab edir ki, inkar edilsə də, müəllimə məhz sözügedən paylaşıma görə töhmət verilib. Lakin bütün hallarda müəllim töhmət almamalı idi.

Hazırda ölkədə 4432 təhsil müəssisəsindən 900-ü qəzalı vəziyyətdədir.

Aranlı kənd 1 saylı tam orta məktəbi də bu məktəblər sırasındadır. 420 şagirdin təhsil aldığı məktəbin 2023-cü ildə yenidən layihələndirilməsi nəzərdə tutulub.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR