Mərkəzi Klinikanın şöbə müdiri: “15-18 yaşdan sonra kərə yağı rasiondan çıxarılmalıdır”

# 14:27
31 avqust 2021

“Xolesterin insan orqanizmində hüceyrələr üçün lazımlı olan maddələrdən biridir. Amma bunun normadan artıq olması bədən üçün zərərli sayılır”.

 

APA TV xəbər verir ki, bu sözləri Mərkəzi Klinikasının Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Firdovsi İbrahimov deyib.

 

Həkim onu da qeyd edib ki, 50 il bundan əvvəllə indiki dövrü müqayisə etsək, insanların daha çox xüsusilə yağlı, xolesterinli yeməklər qəbul etdiyinin şahidi olacağıq.

 

Bəs xolesterinin miqdarının yüksəlməsi daxili orqanlarımızda hansı fəsadları yaradır?

 

“Birinci ürəyə, sonra isə beyinə təsir edir. Çünki ürək aktiv, hərəkətli orqan olduğu üçün ən çox oradakı damarlar zədələnir və daha sonra beyin damarları zədələnir. Bu gün insultların da əhəmiyyətli bir hissəsinin səbəbi odur. Göz dibi xəstəlikləri, böyrək, ayaq damarlarında tutulmalar buna bağlıdır”.

 

Həkim Xolesterinin müayinə və müalicəsindən danışıb: “Bunun müayinəsini qan analizi ilə aparırıq. Qanda zərərli xolesterinin miqdarını ölçüb, müalicəsini diyeta və diyeta kifayət etməsə dərman müalicəsi ilə aparırıq”

 

Firdovsi İbrahimov sonda onu da əlavə edib ki, xolesterinin yaratdığı fəsadlardan qurtulmaq üçün insanlar yağlı, qızardılmış, fast food yeməklərdən mümkün qədər uzaq durmalı, idman və bol miqdarda maye qəbul etməli, 7-8 saat yuxu rejiminə sahib olmalıdır. Həkim əlavə edib ki, 15-18 yaşdan sonra bütün qatı yağlar, xüsusilə kərə yağı rasiondan çıxarılmalıdır.

 

Nuranə Namazova

Əli Ələkbərov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR