Məşğulluq sahəsində yenilik: YENİ ALTSİSTEM YARADILDI

# 17:18
5 may 2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən "Əmək və Məşğulluq” altsistemi istifadəyə verilib.

 

APA TV xəbər verir ki, bununla əlaqədar keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan köklü sosial islahatların əmək və məşğulluq sahələrini də əhatə etdiyini vurğulayıb: ”ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur”.

 

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli "Əmək və Məşğulluq” altsisteminə dair təqdimatla çıxış edib: ”İşəgötürənlər 5 iş günü ərzində boş vakansiyaları bizim vakansiya bankına təqdim etməlidir. Yeni sistemdə isə buna ehtiyac olmayacaq. Çünki vakansiyalar elə bu altsistemin içində formalaşdırılacaqdır. İşə götürənlərin isə əlavə bir iş yükü olmayacaq”.


Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.

 


Semral Cavad,

Fariz Quluyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR