Məşhur istirahət mərkəzində 11 nəfər yeməkdən zəhərləndi
Xaçmazda istirahət mərkəzində kütləvi zəhərlənmə hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxanaya gətirilən 5 nəfərdən 3-ü uşaq, 2-si yeniyetmədir.
Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar
Bir müddətdən sonra isə daha beş nəfər eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Qurumdan verilən xəbərə görə, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir. Vəziyyətləri normal qiymətləndirilir.
Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.