Mikayıl Cabbarov: “Azərbaycanın qeyri-neft məhsullarının ixracında birinci yerdədir”

# 17:39
23 iyul 2021

Rusiya Federasiyası İqtisadi İnkişaf nazirinin müavini Dmitri Volvaçın rəhbərliyi ilə Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası təşkil olunub.

APA TV-nin xəbərinə görə, səfər çərçivəsində keçirilən işgüzar görüşdə rəsmi şəxslərlə yanaşı, nəqliyyat, maşınqayırma, tikinti, təhlükəsizlik, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərləri iştirak edib.

Ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir.

Nazir iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurlu inkişafını diqqətə çatdırıb, iqtisadi potensialın reallaşdırılması, qarşılıqlı ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin strukturunun şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: “İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi məqsədilə səmərəli mexanizmlər tətbiq olunur. Bu baxımdan Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuraları əlverişli platformalardır. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarındandır və Azərbaycanın qeyri-neft məhsullarının ixracında birinci yerdədir. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu ilin 6 ayında iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilib”.

Görüşdə ikitərəfli səmərəli investisiya əməkdaşlığı vurğulanıb, ölkəmizdə 1000-dən çox Rusiya şirkətinin fəaliyyət göstərdiyi və Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 6,2 milyard dollar, Azərbaycan tərəfdən Rusiya iqtisadiyyatına isə 1,2 milyard dollar investisiya yatırıldığı bildirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanın tranzit-logistika potensialının reallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verərək bildirib ki, Rusiya ilə nəqliyyat və İKT sahəsində əlaqələr genişlənib, ölkələrimizin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında səmərəli əməkdaşlıq edilib: “Yük dövriyyəsindəki illik artım müsbət amildir. 2020-ci ildəki pandemiyaya baxmayaraq, artım davam edib və keçən il ümumi yük daşımalarının həcmi təxminən 8 mln. ton təşkil edib. Həmçinin nəqliyyat qovşaqlarının blokdan çıxarılması və Zəngəzur dəhlizinin açılması yalnız Rusiya və Azərbaycanın nəqliyyat potensialına deyil, bütün bölgəyə xidmət edəcəyinə ümid edirik”.

Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Dmitri Volvaç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolunu vurğulayıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin dərinləşməsində əhəmiyyətini qeyd edən Dmitri Volvaç nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, təhsil və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdıraraq, iş adamlarını böyük potensialdan yararlanmağa, əlaqələri genişləndirməyə çağırıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb, bu sahədə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının birgə fəaliyyətini qeyd edib, Rusiya işgüzar dairələri ilə əlaqələrin genişlənməsi istiqamətində Azərbaycan-Rusiya İşgüzar Şurasının gördüyü işlər barədə məlumat verib.

İşgüzar görüş çərçivəsində "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi və “KamAZ” ASC arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycanda müştərilərə "KamAZ" avtomobilləri və qoşquların lizinq şərtləri ilə təklifi üçün birgə müəssisənin yaradılmasını (lizinq şirkəti) nəzərdə tutur. Sənədi "GənAz"ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ"ın baş direktoru Sergey Koqoqin imzalayıblar.

İlahə Vəliyeva,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR