Minaaxtaran itlər təmizləmə işlərinə cəlb olunur

# 18:30
14 sentyabr 2022

Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, müharibənin partlamamış qalıqlardan təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran-istehkamçı qrupları da cəlb olunub.

 

APA TV-nin Qarabağ bürosu xəbər verir ki, əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər qoşulur. Ərazilərin partlamamış hərbi sursatlarla (PHS) çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.

 

Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.

 

Quruculuq işlərində iştirak edən şəxsləri, ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Təbii ki, qeyri-qanuni yollarla da ərazilərə keçən və keçmək istəyərkən müəyyən olunan vətəndaşlarımız da az deyil. Bir daha müraciət edərək xahiş edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməyək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR