​​​​​​​Mingəçevir, Yevlax və Ağdaşda kadastr məlumat bazası yaradıldı

# 19:21
18 aprel 2023

Aprelin 18-də Mingəçevir şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq və əmlak idarəçiliyinə həsr edilən zona müşavirəsi keçirilib.

Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, Mingəçevir, Yevlax və Ağdaş rayonları üzrə ümumilikdə 208 795 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.

 

2022-ci və 2023-cü illərin yanvar-mart ayları ərzində qeyd edilən şəhər və rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, şəhər və rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız verilir və ya zəbt edilir. Bu şəhər və rayonlarda 16 süni balıq gölünün yaradılması səbəbindən 140 hektara yaxın kənd təsərrüfatı torpağı əkin dövriyyəsindən çıxarılıb.

 

Ümumilikdə, monitorinqlər nəticəsində adıçəkilən şəhər və rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 175 hal aşkar edilərək sənədləşdirilib.

 

Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Sonda müşavirədə torpaqların səmərəli istifadə edilməsi, bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR