Müdafiə naziri ordumuzu təxribatlara hazır olmağa çağırdı

# 15:35
10 sentyabr 2022

Sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. MN-dən APA TV-yə verilən xəbərə görə, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib. Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Müşavirənin sonunda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis və tibbi təminat üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR