Müəmmalı mağaralarda görün NƏLƏR AŞKARLANDI

# 15:24
29 oktyabr 2022

Sumqayıt müasir sənaye şəhəri olsa da, Corat qəsəbəsində yerləşən tarixi memarlıq abidələri və köhnə qəbiristanlıq buranın qədim yaşayış məskəni olmasından xəbər verir.

 

APA TV-nin məlumatına görə, bu günlərdə isə Dövlət Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin mütəxəssisləri tərəfindən Stansiya Sumqayıt massivində yerləşən mağara kompleksi aşkarlanıb.

 

Komplekslə tanış olmaq üçün üz tutduq həmin əraziyə. Ərazi Sumqayıt şəhərindən təxminən 10 kilometrlik uzaqlıqda yerləşir. Ərazidə bir neçə mağaranın olması ilə rastlaşdıq.

 

Tədqiqatçı Faiq Nəsibov APA TV-yə bildirdi ki, mağaralar olan ərazidə yaşayış məskənləri mövcud olub: “Burada bir neçə mağara aşkar olunub. Gəlib bu mağaraları tədqiq edirik. İlkin baxış keçirtmişik, ilkin rəyimizi söyləyə bilərik. Burada daha geniş tədqiqatlara ehtiyac var. Ondan sonra geniş rəy vermək olar. Amma ilkin tədqiqatlara görə, mağaralar təxminən 19-cu, 20-ci əsrdə qurulmuşdur. Konkret olaraq bu mağarada ocaq yeri olub. Və bu mağarada 3-4 nəfər yaşayıbdır. Eyni cür 4-5 belə mağara var”.

 

Mağaralar aşkarlanan ərazi arxeoloqların da marağına səbəb olub. Arxeoloq İdris Əliyev deyir ki, onlar da ərazidə tədqiqatlara başlayıblar: “Çox güman ki, buradan torpaq aparılıb. Çox güman ki, ya burada işləyən, fəaliyyət göstərən fəhlələr və ya sonralar alman əsirləri burada özləri üçün otaqları düzəldiblər. Yaxud mühafizə sisteminə xidmət edən hərbçilər burada özləri üçün yer düzəldiblər. Burada haradasa uzunluğu 200 metrdən çoxdur. Torpaq buradan çıxıb çökəklik əmələ gəlib burda. Bu otaqları qazıyıb özləri üçün münasib şərait yaradıblar”.

 

Ərazidə tapılan mağaralarla bağlı yekin rəy isə aparılan tədqiqat işlərindən sonra məlum olacaq.

 

RAMİL ZEYNALLI

ƏLİ ƏLİYEV

APA TV
 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR