Müsəlman ölkələrində gedən müharibələrin arxasında İran rejimi durur - Ceyhun Məmmədov

# 18:00
16 noyabr 2022

“Bu gün adını İslam dövləti qoyan, ancaq bütün əməlləri İslama zidd olan, hər zaman Azərbaycana qarşı xəyanətkar mövqe tutan İranın ölkəmizə qarşı təxribatları davam edir”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, İran bu gün İslam dövləti adı altında islamı gözdən salır:

 

“Müxtəlif terror dəstələri yaradaraq müsəlman ölkələrində o cümlədən, əhalisinin əksəriyyəti şiə məzhəbinə mənsub Azərbaycanda siyasi təşkilatlanma həyata keçirməyə, Azərbaycan dövlətinə qarşı xain dini-siyasi qruplaşmalar yaratmağa, sabitliyi pozmağa çalışır. Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Bu gün bir çox müsəlman ölkələrində gedən müharibələrin arxasında İran rejimi durur”.

 

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər tamamilə dağıdılıb, təbii sərvətə böyük zərər vurulub: “Tehranın 30 ilə yaxın bir müddətdə erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirakı heç kimə sirr deyil. İşğalçı ölkə olan Ermənistan Qarabağda sökdüyü evləri tikinti materialları kimi İrana satırdı.

 

Əgər İran müsəlman ölkəsidirsə niyə 30 il müddətində Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda məscidlərimizi dağıtmasına, orada donuz və inək saxlamasına göz yumdu? İran həmişə müsəlman ölkəsi olan Azərbaycanla yox Ermənistanla dostluq və qardaşlıq etdi, İrana səfər edən Ermənistanın Azərbaycanlıların qanına əli batmış liderləri ilə bütün müsəlman dünyasının gözü qarşısında qucaqlaşıb öpüşməkdən belə çəkinmədi. Bütün bunlar onu deməyə əsas verir ki, İranın dinimizdən danışmağa mənəvi haqqı yoxdur!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR