Musiqi məktəbində Zəfər günü belə qeyd edildi
Bakının Binəqədi rayonunda fəaliyyət göstərən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi məktəbində 8 noyabr Zəfər gününə həsr edilmiş bayram tədbiri keçirilib.
APA TV xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Vətən müharibəsi iştirakçıları, qazilərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnar Rəşidova hamını bu bayram münasibətilə təbrik edib, bu günü yaşamağı bizlərə nəsib edən şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib.
O bildirib ki, bu qələbəni biz Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun rəşadəti, qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbçilərimizin qəhrəmanlığı sayəsində əldə etdik.
Tədbirdə şagirdlər "Zəfər günü"nə həsr olunmuş şeirlər, kompozisiyalar, vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.
Fortepiano şöbəsinin müdiri Samirə Rüstəmova isə bildirib ki, şagirdlərə Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq və qazanılan möhtəşəm tarixi zəfər aşılanır.
Qeyd edək ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib.