“Müstəntiq mənə bir zərbə yazdırıb axı, qalan zərbələr necə əmələ gəlib?” - “Nərmin işi”

# 14:26
29 sentyabr 2022

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı öldürərək meyitini yandırmaqda təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir.

 

Sentyabrın 28-də keçirilən prosesdə sənədlər tədqiq olunub. İlkin Süleymanov və vəkilləri bildiriblər ki, tibbi rəylərdə ciddi ziddiyyətlər var.

 

İlkin Süleymanov məhkəmənin nəzərinə çatdırıb ki, yandırılmış meyitin başındakı zərbəylə bağlı tibbi rəydə 5 zərbədən söhbət gedir. Həmin zərbələrdən ikisi dəlib keçmiş və kəllə sümüyünü sındırmış zərbələrdir. 

 

“Müstəntiq mənə bir zərbə yazdırıb axı. Bəs qalan zərbələr necə əmələ gəlib”, - deyə İlkin Süleymanov hakimə sual verib.

 

İlkin Süleymanov meyitin üzərindən nümunə üçün götürülmüş saç tüklərindən də danışıb. Onun sözlərinə görə, meyitin xarici müayinəsində göstərilib ki, saç tükləri şabalıdı rəngdə, uzunluqları 40 santimetrə qədərdir. Ancaq tibbi rəydə göstərilib ki, meyitdən götürülmüş saç tüklərinin ən uzunu 8 santimetrdir.

 

İstintaqın verdiyi qərarla meyitin Nərmin Quliyevaya aid olub-olmadığını müəyyən etmək üçün genetik ekspertiza təyin olunub. Qərarda qan nümunəsi, iki ədəd diş nümunəsi və bazu sümüyünün 10 sm-lik hissəsi təqdim olunub. Ancaq ekspert rəyində tədqiqat obyekti olaraq yalnız qan nümunəsi qeyd edilib. İlkin Süleymanov yenə məhkəmədən dişlərlə sümüyün hara yoxa çıxdığını soruşub.

 

İlkin Süleymanov bir sıra sənədlərin və ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib. Sonra məhkəmə İlkin Süleymanovun telefonunun yaddaşından aşkar edildiyi iddia olunan şəkilləri tədqiq edib. İlkin Süleymanov deyib ki, onu 6 yanvar 2021-ci il tarixdə saat 21 radələrindən Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında gətirərək orada saxlayıblar. Sənədlərdə saxlanılması 10 yanvar tarixinə qeydiyyata alınıb.

 

Vəkillər isə bildirib ki, məhkəmə kompüter texniki ekspertizasının rəyindən İlkin Süleymanovun telefonuna müdaxilə olunması aşkar şəkildə görünür.

 

Hakim tərəflərin nəzərinə çatdırıb ki, məhkəmə istintaqı 1 il 6 aydır davam edir və istintaqı başa çatdırmaq üçün məhkəmə iclaslarını davamlı keçirmək lazımdır. Növbəti həftədən etibarən məhkəmə iclasları gündəlik keçiriləcək.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR