Namus Şuşa, məbəd Şuşa, paytaxt Şuşa... - BİZİM ŞƏRH
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Azərbaycan Respublikasının yox, bütün Azərbaycanın. Dünyada yaşayan 50 milyondan çox azərbaycanlının mədəniyyət paytaxtıdır artıq Şuşa.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. 7 may 2021-ci ildə.
May ilin ən gözəl ayıdır. Nə çox istidir, nə də çox soyuq. Martda oyanmağa başlayan təbiət əslində mayda canlanır.
Amma biz mayı uzun illər sevmədik. 28 Maydan utanıb bunu dilə gətirməsək də, hətta özümüzə etiraf etməsək də, ilin ən gözəl ayına 28 il bəlkə də nifrət etdik - Şuşaya görə.
Bir vaxtlar Şuşa “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Şərqin konservatoriyası” adlandırılardı. Bu şəhər Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olub.
Amma əslində Şuşa Azərbaycanın təkcə mədəniyyət paytaxtı yox, həm də ləyaqət paytaxtı imiş. Və biz bu həqiqəti əslində Şuşanı itirəndən sonra anlamışdıq. Ona görə hər il mayın 8-də başımızı aşağı dikirdik, gözlərimizi gözlərinizdən yayındırırdıq. Əlimizdə imkan olsaydı, 28 ilin hər 8 mayında ya yaddaşımızı silib yenidən yazardıq, ya da təqvimdən 8 may tarixini pozardıq. Elə birbaşa 7 maydan 9 maya adlayardıq.
Keçən ilin bu günləri də eyni duyğuları yaşayırdıq. Bu ilin 7 mayında isə Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi.
Bir il əvvəl biz bu günləri əvvəlcə xəyal edər, sonra isə ən azı ömrümüzün bu günləri görməyəcəyini düşünərək köks ötürərdik. Ta altı ay əvvələ qədər. Nə baş verdisə, altı ay əvvəl – 8 noyabr 2020-ci ildə baş verdi.
Bəli, bu gün mayın 8-dir. Amma Şuşanın işğalından 29 il... ötmür. İlk dəfədir belə yazırıq. Şəxsən mən altı aydır bu cümləni yazmaq üçün bu günü səbirsizliklə gözləyirdim.
Şuşanın işğalının 27-ci ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyanın Cıdır düzündə sərxoş vəziyyətdə rəqs etməsi Azərbaycanda çox emosional reaksiyalar doğurmuşdu. O zaman hər kəs bu hadisəyə münasibətini bildiyi formada büruzə vermişdi. Yalnız bir nəfərin Paşinyanın Şuşada rəqs etməsinə reaksiyasını heç birimiz bilmədik o günlərdə - Prezident İlham Əliyevin. Ali Baş Komandan Cıdır düzündə sərxoşların rəqsinə münasibətini düz ilyarım Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə açıqlamadı. Yalnız Vətən Müharibəsi başlayandan sonra hamı gördü ki, bu xoşagəlməz olay bəlkə də ən çox İlham Əliyevi sarsıdıbmış və o, düşmən ölkənin hökumət başçısına bunu heç vaxt bağışlamayıbmış. Sadəcə, layiqli – yəni tarixdə heç vaxt verə bilmədiyimiz cavabı vermək üçün tarixi məqamın yetişməsini gözləməklə də yox, o məqamı yetişdirməklə məşğul imiş.
Şuşanın işğalçılardan azad edilməsi dünya hərb tarixində unikal əməliyyatlar siyahısına düşdü. Azərbaycan əsgəri dağlar, dərələr, meşələr keçərək, onlarla kilometr yolu piyada qət edib, müqəddəs şəhərini dişinə qədər silahlanmış düşməndən texnikasız, yüngül silahlarla, süngü-bıçaqla azad etdi. İndi qabaqcıl ölkələrin hərbi akademiyaları təkcə Şuşanın azad edilməsini deyil, bütünlükdə 44 günlük “Dəmir yumruq” əməliyyatını, Azərbaycanın yeni nəsil müharibə strategiyasını və taktikasını öyrənir. Amma yəqin ki, Şuşa əməliyyatının detallarını sona qədər heç bir əcnəbi anlamayacaq. Çünki dağın başında yerləşən bir şəhəri almaq üçün əvvəlcə onun müqəddəsliyinə canınla, qanınla inanmalısan, onu öz ləyaqətin saymalısan.
Şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 28 il 6 ay davam edən Şuşa ləkəsini canı-qanı bahasına alnımızdan və tariximizdən təmizlədi. Artıq Şuşa qalasının üzərində latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmış ŞUŞA sözünün hər bir hərfindən şəhid və qazilərimizin qanı damcılayır. Borcunuz ödənməz, igidlər! Çünki ödənməsi mümkünsüz. Haqqınızı halal edin!
Cavid İsmayıl,
APA TV-nin baş redaktoru