Naxçıvanın Göygöl möcüzəsi - Gölün bir tərəfində yay, bir tərəfində qışdır

# 17:25
13 iyul 2023

 

Göygöl deyəndə çox adamın ağlına ilk gələn Gəncədir, amma bu belə deyil. Çünki Ordubadın da eyniadlı gölü var. Öz unikallığı ilə seçilən, insanların marağına səbəb olan və hamının getmək istədiyi Ordubad rayonu ərazisində yerləşən Göygöl muxtar respublika təbiətinin zəngin incisidir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır. Bura yollanarkən Ordubadın bir birindən gözəl Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinin mənzərələrini seyr etmək insanda ayrı bir abu-hava yaradır. Aza, Ərəzin, Çuğa yurdlarının ağuşunda yerləşən, Xan bulağı, 7 çeşmə, İsgəndərli, Çınqıllı, Ərəzin, Soğanlıq kimi çeşmələri, Tilləg meşəsi ilə məşhur olan və ətəyində qartalların qanad açdığı Göygöl, həm də yay aylarında obalara qucaq açır. Gölə gedən yolun üzərində olan Saqqarsu və Əyriçayın bol suları isə birləşərək, o məşhur Gilançayın yaranmasına səbəb olub. Suyun ecazkar gözəlliyini biosferə bəxş edən ana təbiət sanki yeraltı dünyanın şıltaqlıqlarını lal sükutlu, ancaq kiçik axarlı Göygölə ərməğan edib. Zəngəzur silsiləsinin cənub yamacında yerləşən şirinsulu, axarlı gölün yay aylarında səthinin temperaturu 14-15 dərəcədir, qış aylarında tamamilə donur, sahəsi isə dəyişkəndir. Belə ki, göl qarlı illərdə böyüyür, quraqlıq illərində isə kiçilir. Suyu kimyəvi tərkibinə görə zəif minerallı, hidrokarbonatlı-natriumlu-kalsiumlu olan gölün ətrafı sıldırım qayalarla əhatəlidir. Burada bitki örtüyü zəif yayılsa da, nadir növlərə rast gəlmək də mümkündür. Kiçik Qafqaz dağları ilə əhatələnmiş Göygöl bənzərsiz mənzərəsinə, ekoturizm infrastrukturuna və ideal şəraitinə görə əvəzedilməz məkandır. Müxbir: Ceyhun Məmmədov Operator: Əli Xudiyev APA TV ORDUBAD

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR